Polşalı politoloq: Vardanyanın məsuliyyətə cəlb edilməsi beynəlxalq hüququn bərpası deməkdir
Polşalı siyasətçi, Avropa Parlamentinin sədrinin keçmiş müavini Yatsek Protaseviç suveren ərazilərdə separatizmin sponsorlarının, xüsusilə də Rusiyanın hibrid müharibə kimi istifadə etdiyi separatizmi dəstəkləyən və maliyyələşdirənlərin təqib edilməsinə çağırıb.
“Report” xəbər verir ki, siyasətçi, bu barədə Litvanın “Alfa” nəşrinə müsahibəsində bildirib.
Y.Protaseviç vurğulayıb ki, Azərbaycanda separatizmin sponsorlarından biri olan Ruben Vardanyan Kremllə əlaqəli olub, faktiki olaraq Cənubi Qafqazda öz təsirini gücləndirməyə çalışan Rusiya ilə əməkdaşlıq edib.
“Vardanyanın Qarabağdakı fəaliyyəti və Putin rejimi ilə əlaqələri diqqətlə araşdırılmalı, ədalət şəffaf hüquqi proseslər vasitəsilə bərqərar olmalıdır”, – siyasətçi bildirib.
Onun sözlərinə görə, belə şəxslərin məsuliyyətə cəlb edilməsi təkcə cəza deyil, həm də beynəlxalq hüququn nüfuzunun bərpası, eləcə də eyni yolla gedə biləcək gələcək ərazi subyektlərinin çəkindirilməsidir.
“Hazırda Bakı məhkəməsində baxılan Vardanyanın işi maliyyə elitalarının geosiyasi qarışıqlıqların alətinə necə çevrilə biləcəyini nümayiş etdirir”, – nəşrdə vurğulanıb.
Öz növbəsində, Rumıniyanın “Stiripesurse” nəşri separatizmin maliyyələşdirilməsi mövzusunu inkişaf etdirərək vurğulayıb ki, bu gün Avropa İttifaqı rusiyalı oliqarxların separatçı hərəkatları maliyyələşdirdiyi, rusiyapərəst anklavları dəstəkləmək üçün qanunsuz vasitələrdən istifadə etdiyi mürəkkəb destabilizasiya faktorları şəbəkəsi ilə üzləşir.
“Bu insanlar (oliqarxlar) Kremlin qonşu demokratiyaları zəiflətmək və Avropa təhlükəsizliyini pozmaq məqsədi daşıyan strategiyasında əsas fiqurlar hesab olunurlar”, – Rumıniya nəşri Protaseviçin sözlərini sitat gətirib.
Nəşrin məlumatına görə, Putinin təsir dairəsinə çoxdan inteqrasiya olunmuş Vardanyanın şirkətləri Kreml tərəfindən çoxsaylı pulların yuyulması sxemlərində istifadə edilib, bu zaman böyük məbləğlər Cənubi Qafqaz və digər regionlardakı separatçılara yönəldilib.
“Vardanyanın Qarabağda olması sadəcə simvolik deyil, Cənubi Qafqazın qeyri-sabit regionunda Rusiyanın təsirini gücləndirmək üçün düşünülmüş strategiyanın bir hissəsi idi. Azərbaycan 2023-cü ildə Qarabağı geri aldıqdan sonra Ruben Vardanyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs edilib və hazırda məhkəmə prosesi gedir”, – materialda qeyd olunub.
Mənbə: Report.Az