GÜNDƏM

Rusiya heyrətamiz cavab hazırlayır: “Bankova əməliyyatı” nədir? – Arkovdan ŞOK

“PolitRus” informasiya-analitik portalının rəhbəri, tanınmış rus politoloq Vitali Arkov Globalinfo.az-a müsahibə verib. O, Ukraynanın Rusiyaya dron hücumları, burada hansı ölkələrin rol alması və münaqişənin gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sözügedən müsahibəni təqdim edirik:

– Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev bildirib ki, Bryansk və Kursk vilayətlərində körpülərin partladılması Paris və ya Londonda planlaşdırılıb. Bu fikrə münasibətiniz necədir?

– Kiyev rejimi Bryansk və Kursk vilayətlərində Rusiyanın mülki əhalisinə qarşı kinli və məqsədyönlü terror hücumları törədib. Bu cinayətlər dünya birliyinin sivil toplumu tərəfindən pislənilir. ABŞ dövlət katibi Marko Rubio Rusiya XİN rəhbəri Sergey Lavrovla söhbətində Moskvaya rəsmi Vaşinqtonun başsağlığını çatdırıb. Heç kimə sirr deyil ki, NATO blokuna daxil olan bir sıra qondarma “kollektiv Qərb” ölkələri Kiyev rejiminə təkcə anti-Rusiya sanksiyaları, maliyyə və ya silah tədarükü ilə deyil, o cümlədən, hücum xarakterli dəstək verir ki, bu da Ukraynanın “Rusiya təcavüzünün qurbanı” mifini dağıdır. Bəzi dövlətlər Kiyev rejimini peyk kəşfiyyatı ilə təmin edir. Həmçinin bir qrup Qərb dövlətinin Ukrayna ərazisindən tramplin, əhalisindən isə qondarma “canlı sipər” kimi istifadə edərək Rusiyaya qarşı müharibə aparması faktını bir daha təsdiqləyir. Son illərdə baş verən digər hadisələrlə yanaşı, bu, Ukraynanın keçmiş sərhədləri daxilində suveren vahid dövlət kimi mövcudluğunu şübhə altına qoyub.

Konkret ssenarilər var…

Heç kimə sirr deyil ki, Britaniya, Fransa və Almaniyanın hazırkı rəhbərliyi, eləcə də Avropa İttifaqının bürokratiyası bir tərəfdən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını bəyan edir, digər tərəfdən də onlardan asılı olan Kiyev rejimini özünü məhvə sürükləyən bir müharibəni davam etdirməyə vadar edirlər. Bu zaman Rusiyanı zəiflətmək və Moskvanı London, Paris, Berlin və Brüsselin şərtlərini qəbul etməyə məcbur etmək məqsədlərini də gizlətmirlər. Və burada bir neçə ssenari səsləndirilir.

Birincisi, Avropa Ukrayna ilə ABŞ arasında bağlanan müqavilə kimi onun ərazilərində yerləşən strateji faydalı qazıntı yataqlarının işlənməsinə dair soyğunçu və güzəştli müqavilələr bağlamaq və enerji üzərində nəzarəti ələ keçirmək müqabilində Krımı və Rusiyanın tərkibinə daxil olmuş Novorossiyanın dörd regionunu de-fakto tanıyır. Sözügedən maraqlı tərəflər praktiki olaraq Kiyevlə buna bənzər razılığa gəlməyə nail oldular, lakin onların planının həyata keçirilməsinə 2014-cü ildən başlayan məlum hadisələr mane oldu. Moskva belə şərtləri qəbul etmir, üstəlik, bundan əvvəl Rusiya lideri Vladimir Putin Amerika tərəfi ilə birgə Novorossiyada yataqların işlənilməsi planlarını açıqlamışdı. Buna görə də Avropanın bu planı Vaşinqtonda dəstəklənmir və anlayışla qarşılanmır.

İkincisi, Kiyev rejimini Rusiyaya qarşı müharibəni davam etdirməyə məcbur etmək, mülki hədəflərə və dinc əhaliyə qarşı açıq terror metodlarından istifadə etməklə (o cümlədən, iyunun 1-də gördüyümüz kimi) Moskvanı son dərəcə sərt cavab verməyə məcbur etmək. Bu, dünya ictimaiyyətinə Rusiyanın sülh danışıqlarından imtina etməsi və ABŞ-ın və şəxsən Donald Trampın yanlış siyasəti kimi təqdim olunacaq. Plana görə, bu, Moskva ilə Vaşinqton arasında münasibətlərin növbəti dəfə kəskinləşməsinə, Ağ Evin Kremlə təzyiq göstərmək üçün sərt tədbirlər görməsinə səbəb olmalıdır. Yəni Avropa Rusiyanı təkcə Ukraynanın deyil, ABŞ-ın köməyi ilə məğlub edəcəyini gözləyir və bundan yararlanmağa çalışır.

Vitali Arkov

Trampın Ağ Evə qayıtması ilə bərpa edilən ABŞ və Avropa arasında tərəfdaşlıq münasibətlərinə yenidən baxılması (bu, onun prezidentliyinin birinci dövründə başlayıb) Britaniya və Avropa İttifaqı üçün Rusiya ilə qarşıdurmadan az əhəmiyyət kəsb etmir. Ukraynadan istifadə etməklə hər iki məsələni bir kombinasiya ilə həll etmək daha məntiqlidir.

– “Ukraynanın Rusiya aerodromlarına hücumu Moskvaya mane olmayacaq. Moskvada Kiyevə hücum barədə planlar qurulur”. Bu barədə “Nyu York Tayms” (NYT) qəzetində yazılıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də deyib ki, Ukraynadan qisas alınacaq. Necə düşünürsünüz, Kiyevə hücum ola bilərmi və ya Rusiyanın cavab tədbiri hansı formada olacaq?

– Süni intellektlə yaradılmış görüntü və videolardan istifadə etməklə yayılan məlumatların əksinə olaraq, bu təxribat Rusiya Aerokosmik Qüvvələrinə ciddi ziyan vurmayıb. Ancaq İstanbulda danışıqların ikinci raundu öncəsi nüfuza xələl gətirmək və təzyiq göstərmək cəhdi göz qabağındadır.

Rusiya heç kimə onunla şantaj dilində danışmağa icazə vermir. Və cavab mütləq veriləcək. Təkcə Kiyev rejiminə deyil, onun cinayət əməllərinin arxasında duranlara da. Əvvəllər Rusiya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin hərəkətlərini yerlərdə idarə edən xarici muzdluları, NATO ölkələrinin hərbi məsləhətçilərini, bir sıra Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələrini məhv etmək üçün yüksək dəqiqlikli zərbələrdən istifadə edirdi.

“Bankova əməliyyatı”

İntiqam, bildiyimiz kimi, “soyuq yeyilən yemək”dir. Moskva seçilmiş hədəfin düzgünlüyünə və heç bir mülki vətəndaşın zərər görməyəcəyinə əmin olduqda heyrətamiz cavab zərbəsi endirəcək.

Bu işdə Moskvaya hətta Ukrayna hökumətində simpatiya bəsləyənlər də kömək edir. Ukraynadan geriyə qalanları xilas etməyin yollarından biri kimi Bankova küçəsində hökumətin dəyişdirilməsi zərurətinə inam artır. O cümlədən, reallıqla əlaqəni tam itirmiş “pan Zeli”nin kənarlaşdırılması yolu ilə.

– Dmitri Medvedev həmçinin qeyd edib ki, ölkəsinin sürətli qələbəsi üçün İstanbuldakı danışıqlara ehtiyac var. Bu fikri də qısaca şərh edərdiniz.

– Türkiyə və ABŞ-ın vasitəçiliyi ilə İstanbulda aparılan danışıqlar bu gün Ukraynadakı münaqişəni diplomatik yolla bitirməyin yeganə yoludur. Rusiyanın təqdim etdiyi memorandum real vəziyyəti əks etdirir və danışıqlar prosesinin istiqamətini müəyyən edir.

Əgər Trampın Ağ Evdəki komandası danışıqlar prosesini sürətləndirsə – buna görə birincisi, ABŞ-ın 47-ci prezidentinə Nobel Sülh Mükafatı verilə bilər və ikincisi, onun başlatdığı dünya düzəninin sürətlə yenilənməsinə öz töhfəsini verə bilər – deməli, Moskva daha böyük insan tələfatının qarşısını almaq istəyi ilə hərəkət edir. Hər iki tərəf üçün tamamilə aydındır ki, ruslar və ukraynalılar SSRİ-nin dağılması ilə sakitləşməyən Qərbdəki dağıdıcı qüvvələrin diktəsi və maraqları ilə marionet Kiyev rejimi tərəfindən süni və zorla parçalanmış vahid bir icma, bir xalqdır. Bu baxımdan bir sıra siyasi ekspertlər müzakirə olunan hadisələri vətəndaş müharibəsi hesab etməyə meyillidirlər. Moskvanın şərtlərinə uyğun şəkildə Kiyevlə razılaşmanın əldə olunması və onun əsaslı və obyektiv olmasına görə Vaşinqton tərəfindən əsasən dəstəklənməsi, həqiqətən, sülh gətirəcək. Kiyev rejiminin Londonun, Parisin, Berlinin və Brüsselin diktəsi ilə bəyan etdikləri əslində mümkünsüzdür: heç bir halda real vəziyyəti əks etdirmir və hər şeyi öz adı ilə adlandırsaq, yalnız Avropanın yuxarıda qeyd etdiyimiz niyyətlərinə çatmaq üçün müharibəni davam etdirmək məqsədi daşıyır.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir