GÜNDƏM

Toqquşma bitdi, Şərif üç ölkənin adını çəkdi – Ankara və Bakıdan bunu istəyəcək

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana rəsmi səfər edəcək. Məlumata görə, səfərin əsas məqsədi ikitərəfli diplomatik münasibətləri gücləndirmək və Hindistanla artan gərginlik fonunda strateji dəstək imkanlarını genişləndirməkdir.

Səfər çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi iqlim və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə bağlı ətraflı müzakirələr aparılması planlaşdırılır. Şərifin həmçinin Pakistana verilən dəstəyə görə hər üç ölkənin liderinə təşəkkür edəcəyi də deyilir.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Pakistanın baş nazirinin eyni vaxtda üç önəmli regional aktora – Türkiyə, İran və Azərbaycana rəsmi səfəri, bölgənin gələcək təhlükəsizlik arxitekturasında İslamabadın daha fəal rol almağa çalışdığını göstərir:

“Hindistanla sərhəddə artan gərginlik və Kəşmir məsələsi ilə bağlı yaranmış vəziyyət Pakistanın diplomatik aktivliyini artırmasına səbəb olub. Şahbaz Şərifin bu səfərləri sadəcə protokol xarakteri daşımır, konkret siyasi, iqtisadi və təhlükəsizlik yönümlü razılaşmalar məqsədilə də həyata keçirilir. O, adı çəkilən ölkələrin dəstəyini almağa çalışacaq. Həm siyasi səviyyədə beynəlxalq platformalarda Pakistanın mövqeyini gücləndirmək üçün, həm də ehtimal olunan hərbi qarşıdurma fonunda ehtiyac yaranarsa, müdafiə sektorunda əməkdaşlıq imkanlarının genişləndirilməsi mümkündür.

Pakistan əvvəllər də müxtəlif beynəlxalq məsələlərdə həm Azərbaycanı, həm də Türkiyəni açıq şəkildə dəstəkləyib. Ona görə də, İslamabadın bu ölkələrdən diplomatik və siyasi dəstək gözləməsi təbiidir”.


Ramiyə Məmmədova

Politoloq bildirib ki, Azərbaycan və Pakistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb:

“Eyni zamanda Türkiyə ilə hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. İran isə Cənubi Asiya və Yaxın Şərqdə vacib geosiyasi oyunçudur. Şahbaz Şərif bu üç ölkə ilə koordinasiyalı şəkildə həm regional layihələr, həm də təhlükəsizlik məsələləri üzrə vahid mövqenin formalaşmasına çalışa bilər.

Bölgədə hazırda nisbi sakitlik hökm sürsə də, Hindistan-Pakistan münasibətləri tarixən dəyişkən və qəfil gərginləşmələrə açıqdır. Hazırda tərəflər arasında müharibə vəziyyəti olmasa da, potensial qarşıdurma ehtimalı qalır. Bu səbəbdən, Pakistan qabaqlayıcı diplomatik addımlar atmağa çalışır. Strateji tərəfdaşlarının dəstəyini əvvəlcədən təmin etmək İslamabad üçün siyasi və hərbi baxımdan önəmlidir”.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir