Ali təhsilli fəhlə, sürücü, kuryer: Gəncləri başqa sahələrdə işləməyə nə vadar edir? – ŞƏRH
Son illər Azərbaycanda təhsil alan gənc kadrlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Çox az qisim öz ixtisasına uyğun bir işlə təmin olunur. Əksəriyyət ya fərqli sahəyə yönəlir, ya da işsiz qalır.
Demək olar ki, artıq ali təhsilli fəhlə, taksi sürücüsü, kuryer görmək adi hala çevrilib.
Bəs gənclər niyə görə öz təhsil aldıqları sahələr üzrə fəaliyyət göstərmirlər? Buna səbəb nədir? Mövzu ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova Turkustan.az açıqlamasında bildirdi ki, ölkədə ümumiyyətlə müəyyən qədər də olsa işsizlik problemi var.
Günay Hüseynova
“Müxtəlif sahələrdə çalışan şəxslər arasında ali təhsilli olanlar üstünlük təşkil edir. Etiraf edək ki, hazırda orta statistik Azərbaycan ailəsinin maddi vəziyyəti bir o qədər də yuxarı səviyyədə deyil. Onun üçün də hansısa iş vakansiyası olan kimi şəxs dərhal müraciət edir. Çünki həyat qayğıları, özünü maddi təmin etmə kimi iqtisadi proseslər dərhal psixoloji təsirlər göstərir.
Başqa xarici ölkələrdə maddi imkanlar əl verir ki, valideynlər uşaqların gələcəyi üçün investisiya, yatırım etsinlər. Bizdə isə bu çətindir. Nümunə olaraq, onu deyim ki, bir ailə eyni binada bir neçə evə sahib olur. Oradan həm övladına mənzil ayırır, həm də kirayə verir. Yəni öz sahəsində iş tapmaq üçün tələsmir, çünki maliyyə azadlığı, passiv gəliri var və ya, uşaq doğulan kimi valideyn yerli, xarici şirkətlərin hissə sənədini alır. Artıq övlad böyüyəndə ixtisası üzrə öz şirkətini qurur və ya sahəsinə uyğun iş tapana qədər maddi azadlığı olur.
Məsələnin ikinci və əsas tərəfi də var. Bu özünü inkişafdır. Çünki əksər valideynlərin təfəkkürünə görə, hansı ixtisas olur-olsun uşaq mütləq ali təhsil almalıdır. Bu təfəkkürdə təhsil almış gənc hansı həvəslə öz peşəsini sevib ona sahib çıxıb öźünü o sahədə inkişaf etdirər?
Digər vacib məqam isə müəssisələrdə olan tanışlıq, qohumluq məsələsidir ki, bu da ali məktəbi bitirən gənclərin iş tapmasına məhdudiyyət qoyur və yaxud da şirkətlər gənclərə minimum əməkhaqqı ilə yetəri qədər vəzifə öhdəliyi yükləyirlər.
Bu problem təkcə gənclər üçun deyil, digər yaşda olan şəxslər də var. 35 yaşdan yuxarı şəxslər iş tapa bilmirlər. Bu yaş təqaüd yaşı da deyil, bəs bu şəxslər necə öz maddi təminatını qarşılamalıdır?”.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az