BƏLƏDİYYƏ

Mingəçevir bələdiyyəsinin sədri növbəti səyyari görüş keçirdi

Mingəçevir bələdiyyəsinin sədri növbəti səyyari görüş keçirdi

 Səyyari görüş Naxçıvan küçəsi 48 ünvanında yerləşən binanın sakinləri ilə keçirilib. Görüşün əsas məqsədi sakinlərin sosial problemlərinin dinlənilməsi, onların təklif və iradlarının qeydiyyata alınması, həmçinin yerli özünüidarə prosesində daha fəal iştiraklarının təmin olunması olub.

Tədbir zamanı Bələdiyyə sədri  Anar İsmayılov qeyd edib ki, sakinlərin yerli idarəetmədə iştirakı olduqca vacibdir. Onun sözlərinə görə, bu prosesi sistemli şəkildə həyata keçirmək üçün mərhələli şəkildə məhəllə komitələrinin yaradılması nəzərdə tutulur. Belə komitələr həm sakinlərin birliyini gücləndirəcək, həm də problemlərin daha operativ və məqsədyönlü şəkildə həllinə təkan verəcək.

Görüşdə sakinlər tərəfindən bir sıra sosial problemlər qaldırılıb. Əsas məsələlərdən biri kimi binanın ətrafında uşaqlar və böyüklərin istirahəti üçün uyğun məkanın olmaması qeyd edilib. Təklif olunub ki, binanın arxasındakı boş ərazidə uşaqlar üçün oyun meydançası qurulsun və müxtəlif idman alətləri yerləşdirilsin. Bu təşəbbüs həm uşaqların fiziki inkişafı, həm də cəmiyyətin sağlam həyat tərzinə cəlb edilməsi baxımından mühüm hesab olunub.

Sədr isə çıxışında bu təkliflərin artıq iş planına salındığını, burada sakinlərin istirahəti üçün mini-parkın tikiləcəyini bildirib. O, eyni zamanda sakinləri daha fəal olmağa səsləyərək, əmlak vergisinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, bu vergi yerli infrastrukturun inkişafı üçün əsas maliyyə mənbələrindən biridir və hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalıdır.

Sakinlər məhəllə komitəsinin yaradılması təklifini müsbət qarşılayaraq, əmlak vergisinin ödənilməsində də daha fəal olacaqlarını bildiriblər. Onlar belə səyyari görüşlərin davamlı olaraq keçirilməsini vacib hesab etdiklərini qeyd ediblər.

Görüş səmimi şəraitdə keçib, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu ilə başa çatıb. Bu cür görüşlər bir daha sübut edir ki, yerli problemlərin həllində ictimai iştirakçılıq və qarşılıqlı dialoq əsas amillərdən biridir.

Mingəçevir bələdiyyəsi


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir