Fransa XİN: Ukraynada atəşkəs olmadan sülh danışıqları mümkün deyil
Fransa Ukraynanın sülh danışıqlarında iştirakını dəstəkləyir və Moskva danışıqlardan yayınmağa davam edərsə, Rusiyanın neft və maliyyə sektoruna qarşı kütləvi sanksiyalara hazırlaşır.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Türkiyədə NATO ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə bildirib.
Nazir mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında aparılacaq müzakirələrdə “üç tələ”yə düşməkdən, xüsusilə də atəşkəs olmadan danışıqlar aparmaqdan çəkindirib.
Barronun sözlərinə görə, birinci tələ “Ukraynaya bombalar yağarkən” danışıqlar aparmaq; ikinci tələ Ukraynanın demilitarizasiyasını “sırımağa” çalışmaq və Kiyevin müharibədən sonra tərəfdaşlarından etibarlı təhlükəsizlik zəmanətləri axtarmasına mane olmaq; üçüncü tələ isə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsidir.
O vurğulayıb ki, bu “tələlər” 2022-ci ildə İstanbulda aparılmış danışıqların uğursuz olmasına səbəb olub.
Mənbə: Report.Az