KİV: ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər
ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqların ardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər və detallar bazar ertəsi açıqlanacaq.
“Report”un xəbərinə görə, bu barədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarət kəsirini azaltmağa kömək edəcək.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ikitərəfli tariflər çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyini azaltmaq üçün səylərin bir hissəsi kimi azaldılmalıdır. Hazırda o, razılaşmanın əlavə təfərrüatlarını verməkdən imtina edib və məlumatın bazar ertəsi açıqlanacağını bildirib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir isə vurğulayıb ki, tərəflər arasındakı fərqlərin “əvvəllər düşünüldüyü qədər böyük olmadığı” ortaya çıxıb.
Mənbə: Report.Az