GÜNDƏM

Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

bdmxeber.az xəbər verir ki, 24 aprel 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışdı. O, çıxışında akademik Zərifə Əliyevanın həyat və fəaliyyət yoluna, onun Azərbaycan elminə və xüsusilə oftalmologiya sahəsinə verdiyi töhfələrə geniş şəkildə toxundu.

Xəqani Səfərov qeyd etdi ki, Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri, humanist xarakteri və cəmiyyətə faydalı işləri ilə yadda qalmış böyük şəxsiyyətlərdən biridir. Onun apardığı tədqiqatlar, yazdığı elmi əsərlər bu gün də bir çox alimlər və tibb mütəxəssisləri üçün qiymətli elmi mənbə rolunu oynayır.

Tədbirdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də çıxış edərək, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında oynadığı mühüm roldan danışdı. O bildirdi ki, Zərifə xanım oftalmologiya sahəsində göstərdiyi müstəsna xidmətlərlə yalnız ölkə daxilində deyil, beynəlxalq elmi aləmdə də böyük nüfuz qazanmışdır. Onun çalışqanlığı, elmə olan sonsuz sevgisi və insanlara xidmət etmək istəyi onu müasir Azərbaycanın elm tarixində silinməz iz buraxan şəxsiyyətə çevirmişdir.

İsmayıl Ağayev çıxışında Ulu Öndər Heydər Əliyevin Zərifə xanım haqqında dediyi dərin mənalı fikirlərə də toxunaraq, onun yetişdirdiyi alimlərdən və ən başlıcası – Azərbaycan xalqına bəxş etdiyi möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev kimi liderdən bəhs etdi. O vurğuladı ki, Zərifə xanımın ailə mühitində formalaşan yüksək tərbiyə, intellekt və vətənpərvərlik dəyərləri bu gün Azərbaycan rəhbərliyinin fəaliyyətində də özünü qabarıq şəkildə göstərir.

İ.Ağayev çıxışında həmçinin qeyd etdi ki, Beynəlxalq Diaspor Mərkəzi olaraq görkəmli ziyalılarımızın, alimlərimizin anım və yubiley tədbirlərini keçirmək ənənəsinə böyük önəm verilir. Bu kimi tədbirlər yalnız tarixi yaddaşımızın qorunmasına deyil, həm də gələcək nəsillərə nümunə göstərilməsinə xidmət edir. O əlavə etdi ki, Beynəlxalq Diaspor Mərkəzi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hər zaman dəstəkləyir və bu istiqamətdə həyata keçirilən layihələrdə fəal iştirak edir.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir