12 mart 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Qərbi Azərbaycanın Paşalı rayonunun Herher kəndindən olan dəyərli söz ustadı Vahid Əziz Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisini ziyarət etdi.
bdmxeber.az xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Xalq şairinin bu nəzakətli və mənalı ziyarətini yüksək dəyərləndirərək, ona təşəkkürünü bildirdi. Görüş səmimi, isti və mənəvi ovqatda keçdi.
Söhbət zamanı Xalq şairi Vahid Əziz doğma yurdu Qərbi Azərbaycanla bağlı unudulmaz xatirələrini bölüşdü. O, uşaqlıq və gənclik illərinin keçdiyi Herher kəndindən danışaraq, o torpaqların həsrəti ilə yaşadığını, lakin eyni zamanda böyük ümidlərlə dolu olduğunu vurğuladı. Xalq şairi qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış arzusu yalnız bir nəsil üçün deyil, bütün xalqımız üçün müqəddəs bir amal və gerçəkləşməsi uzaqda olmayan bir həqiqətdir.
Vahid Əziz, həmçinin, İsmayıl Ağayevə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə gündəmdə saxlanılması və “Qayıdış Konsepsiyası”nın reallaşdırılması yolunda uzun illərdir apardığı yorulmaz fəaliyyətlərinə görə ən xoş diləklərini və uğurlarını arzuladı.
Öz növbəsində, BDM sədri İsmayıl Ağayev hörmətli Vahid Əzizin ədəbi irsinin, xüsusilə də şeirlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində misilsiz rol oynadığını vurğuladı. O bildirdi ki, xalq şairinin bədii söz dünyası hər zaman xalqımızın milli ruhunu, vətən sevgisini, yurd həsrətini ifadə edən ən yüksək ədəbi nümunələrdəndir.
Görüşün sonunda hər iki ziyalı belə mənalı və yaddaqalan görüşlərin davamlı olmasının vacibliyini qeyd etdilər, qarşılıqlı arzu və xoş niyyətlərini bildirdilər.
Sonda isə xatirə şəkli çəkilərək bu görüş tarixə yazıldı.