MDB oyunları Gəncənin yeni inkişaf dövrünün başlanğıcı hesab edilə bilər – RƏY
Gəncə şəhərində keçiriləcək MDB idman oyunları Azərbaycanın idman sahəsindəki mövqeyini gücləndirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün böyük bir fürsətdir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu oyunlar Gəncə şəhərinin idman infrastrukturu və turizm potensialını artıracaq, həmçinin şəhərin iqtisadi inkişafına töhfə verəcək:
“Oyunlar zamanı müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək və bu, şəhərin idman həyatını canlandıracaq. MDB idman oyunlarının Gəncədə keçirilməsi və şəhərin abadlaşdırılması layihələri Gəncənin yeni inkişaf dövrünün başlanğıcı hesab edilə bilər. Bu tədbirlər şəhərin sosial-iqtisadi inkişafına və əhalinin rifahının artırılmasına böyük töhfə verir. Gələcəkdə də bu işlərin davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi gözlənilir ki, bu da Gəncənin daha da müasir bir şəhər kimi formalaşmasına imkan yaradacaq”.
N.Həmzəyevin sözlərinə görə, hazırda Gəncədə aparılan tikinti, quruculuq və abadlıq işləri şəhərin inkişafında mühüm rol oynayır:
“Bu işlər, şəhərin infrastrukturunun yenilənməsi, yolların, körpülərin və ictimai binaların təmiri və tikintisi kimi müxtəlif sahələri əhatə edir. Ötən illərdə Gəncəçay çayı üzərində beş körpünün bərpası və istifadəyə verilməsi, yolların bu ildən başlayaraq asfaltlanması, şəhərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və əhalinin rahatlığının artırılmasına xidmət edir”.

Naqif Həmzəyev
Milli Məclis üzvü vurğulayıb ki, birinci Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə səfəri də şəhərin inkişafına böyük töhfə verir:
“Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən şəhərdə bir sıra mühüm layihələr həyata keçirilir. Bu layihələr arasında təhsil, səhiyyə və milli-mənəvi dəyərlərin qorunması sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə Gəncədə bir sıra tədbirlərdə iştirak edib, şəhər sakinləri ilə görüşüb və onların problemlərini dinləyib”.
Müsahib Prezident İlham Əliyevin Gəncə şəhərinin abadlaşdırılması ilə bağlı sərəncamından da söz açıb.
“Bu sərəncam şəhərin infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi məqsədini daşıyır. Sərəncam çərçivəsində şəhərdə genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır. Bu işlər, şəhərin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, əhalinin həyat şəraitini də yüksəldir”, – deyə o əlavə edib.
Qeyd edək ki, martın 6-da Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Gəncə şəhərində səfərdə olublar. Orada aparılan işlərlə tanış olublar.
III MDB İdman Oyunları bu il Azərbaycanda keçiriləcək. Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq.
Mənbə: Report.Az