Beynəlxalq Diaspor Mərkəzi Azərbaycan Milli QHT Forumunda
Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti Azərbaycan Milli QHT Forumunda (AMQF) keçirilən görüşdə iştirak edib. Görüşdə AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli Forumun fəaliyyətini, həyata keçirdiyi təşəbbüsləri və QHT-lər üçün yaradılan imkanları geniş şəkildə iştirakçılara təqdim edib.
bdmxeber.az xəbər verir ki, Zaur İbrahimli, həmçinin Forumun gələcək fəaliyyət istiqamətləri və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, təşkilatların birgə fəaliyyəti və qarşılıqlı əməkdaşlıq sahəsində Forum tərəfindən atılan addımları vurğulayıb.
Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, öz növbəsində, təşkilatın fəaliyyət prioritetləri, diaspor sahəsində həyata keçirdiyi layihələr və maarifləndirmə işləri barədə çıxış edib. İsmayıl Ağayev, QHT-lər arasında əməkdaşlığın və koordinasiyanın artırılmasının vacib olduğunu qeyd edərək, bu sahədə konkret təkliflərini və gələcək perspektivlərini Forum nümayəndələri ilə bölüşüb. Onun sözlərinə görə, belə bir əməkdaşlıq, təşkilatların fəaliyyətlərini daha səmərəli şəkildə həyata keçirmələrinə və sosial məsələlərin həlli istiqamətində yeni təşəbbüslərin reallaşdırılmasına zəmin yaradacaq.
Görüşdə Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini f.ü.f.d. Ceyhun Şakiroğlu, hüquq məsələləri üzrə müşaviri Ramin İsmayılov və gənclər departamentinin rəhbəri Ramal İsmayılov da iştirak ediblər. Onlar, görüşdə təqdim olunan məlumatlarla bağlı fikirlərini və təşkilatın gələcək fəaliyyətinə dair əlavə tövsiyələrini verərək, Beynəlxalq Diaspora Mərkəzinin Forum çərçivəsində daha aktiv iştirakının zəruriliyini vurğulayıblar.
Zaur İbrahimli, görüşdə Beynəlxalq Diaspora Mərkəzinin AMQF-dəki aktiv iştirakının, xüsusən də diaspor mövzusunda yeni və məhsuldar təşəbbüslərin həyata keçirilməsi baxımından əhəmiyyətli töhfə verəcəyini qeyd edib. O, həmçinin, bu cür əməkdaşlığın daha geniş perspektivlərə doğru inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Beynəlxalq Diaspora Mərkəzi AMQF-in rəsmi üzvü kimi qeydiyyata alınıb və təşkilata üzvlük vəsiqəsi təqdim olunub. Eyni zamanda, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev AMQF-ə İrəvan xanlığının bayrağını hədiyyə edib. Bu rəmzi hədiyyə, tarixi ədalətin bərpası və Qarabağın işğaldan azad olunmasının simvolu olaraq təqdim edilib. İsmayıl Ağayev, bu hədiyyənin, həm də gələcəkdə Qarabağ və ətraf bölgələrin bərpası və inkişafı ilə bağlı qarşıya qoyulan məqsədləri simvollaşdırdığını vurğulayıb.