Paşalı Rayonunun Terp İcması BDM-də əməkdaşlıq görüşü keçirdi
bdmxeber.az xəbər verir ki, 11 fevral 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində Qərbi Azərbaycan İcmasının Paşalı rayonunun Terp icmasının bir qrup nümayəndəsi ilə məhsuldar görüş keçirildi.
Tədbirdə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, sədrin birinci müavini, f.ü.f.d. Ceyhun Şakiroğlu və BDM-in Hüquq məsələləri üzrə müşaviri Ramin İsmayılov iştirakçılara səmimi salamlarını çatdıraraq təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və diaspor siyasəti çərçivəsində görülən işlər barədə geniş məlumat verdilər. Onlar BDM-in əsas məqsədinin dünya azərbaycanlılarının hüquqlarının qorunması, milli kimliyin möhkəmləndirilməsi və Azərbaycanın tarixi gerçəkliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması olduğunu qeyd etdilər.
Qərbi Azərbaycan İcmasının Paşalı rayonunun Terp icmasının sədri Ceyhunə Şirəliyeva, icmanın fəal üzvlərindən Məhəmmədəli Şahverdiyev, Qərbi Azərbaycan Dərələyəz mahalı Keşkənd rayonunun Amağu kənd icma rəhbəri, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Elmira Hüseynova qonaqpərvərliyə görə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevə və təşkilatın bütün üzvlərinə təşəkkürlərini bildirdilər.
Müzakirələr zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim edilməsi, Qərbi azərbaycanlıların məruz qaldığı deportasiyalarla bağlı hüquqi aspektlərdə atılacaq addımlar, eləcə də Paşalı rayon icmaları ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi geniş şəkildə müzakirə olundu. Görüşdə Paşalı rayonunun Terp icmasının BDM-in ofisindən birgə istifadə etməsi qərara alındı. İsmayıl Ağayev çıxış edərək vurğuladı ki, Beynəlxalq Diaspor Mərkəzinin ofisi Qərbi Azərbaycan İcmasının bütün üzvlərinə və icma rəhbərlərinə açıqdır və onlar burada istədikləri tədbirləri, dəyirmi masa müzakirələrini təşkil edə bilərlər.
Tədbir çərçivəsində Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi, bu istiqamətdə hüquqi sənədlərin toplanması, vəkillərin cəlb edilməsi, beynəlxalq hüquq çərçivəsində hüquqi mexanizmlərin işə salınması kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Deportasiya nəticəsində dəymiş maddi və mənəvi ziyanın qiymətləndirilməsi, əmlak məsələlərinin araşdırılması və hüquqi baxımdan dəyə biləcək ziyanın hesablanması istiqamətində geniş fəaliyyət planının həyata keçirilməsi vurğulandı.
Görüş çərçivəsində Qərbi Azərbaycan Dərələyəz mahalı Keşkənd rayonunun Amağu kənd icma rəhbəri, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Elmira Hüseynovanın Dərələyəz mahalına aid ənənəvi şirniyyatlar təqdim etməsi tədbirə xüsusi bir rəng qatdı. Bu Qərbi Azərbaycan mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olundu.
Görüşün sonunda iştirakçılar xatirə şəkli çəkdirərək gələcəkdə sıx əməkdaşlıq etmək barədə razılığa gəldilər.