İDMAN

Azərbaycan millilərinin baş məşqçisi: “Avropa çempionatında xatirə medalı idmançısı finala yüksələn yığmaların çalışdırıcılarına verildi”

Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət millilərinin baş məşqçisi Anar Allahverdiyev Polşanın Byelsko-Byala şəhərində keçirilən 52-ci Avropa çempionatında ona təqdim edilən xatirə medalı ilə bağlı fikirlərini bildirərkən deyib.

O, bu mükafatın bir neçə komandanın nümayəndəsinə təqdim edildiyini vurğulayıb:

“Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi. Bu hədiyyəni təxminən 15-16 ölkənin təmsilçisinə təqdim etdilər. Yarışda ümumilikdə 48 ölkə iştirak edirdi”.

Mütəxəssis millinin Avropa çempionatında göstərdiyi nəticələri qənaətbəxş hesab edib:

“İndiki duruma nəzər salsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Əvvəllər sponsor var idi, idmançılar müxtəlif yarışlara, beynəlxalq turnirlərə gedirdilər. Ona görə də praktika cəhətdən çətinlik yaşamırdılar. Məsələn, ötən il 1 qızıl, 4 bürünc qazanmışdıq. Yüksək nəticələrimiz olub. Həmçinin ötən il 9 ölkə arasında medal sayına görə yeddinci olmuşduq. Ancaq bu dəfə 22-ci yeri tutduq. Bütün idmançılarımızda praktika çatışmazlığı var idi. Ona görə də bir çox hallarda hesabda irəli olduqları döyüşlərdə uduzdular”.

Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir