bdmxeber.az xəbər verir ki, 10 fevral 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində “RAMAL R” Hüquq Konsaltinq şirkətinin rəhbəri Ramin İsmayılov ilə görüş keçirildi.
Görüşdə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, qonaqları səmimi şəkildə salamlayaraq təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və diaspor siyasəti çərçivəsində görülən mühüm işlər barədə ətraflı məlumat verdi. O, BDM-in əsas məqsədinin dünya azərbaycanlılarının hüquqlarını müdafiə etmək, onların milli kimliyini qorumaq və Azərbaycanın tarixi həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğuladı.
Daha sonra görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Qərbi azərbaycanlıların deportasiyaya məruz qalması ilə bağlı hüquqi müstəvidə atılacaq addımlar geniş müzakirə olundu. Ramin İsmayılov bildirdi ki, “RAMAL R” Hüquq Konsaltinq şirkəti olaraq bu məsələdə hüquqi dəstək göstərməyə tam hazırdırlar. O, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquq və haqlarının qorunması, bu istiqamətdə hüquqi sənədlərin toplanması, müvafiq vəkillərin təyin olunması, beynəlxalq hüquq çərçivəsində hüquqi mexanizmlərin işə salınması kimi vacib məsələlərə toxundu. Həmçinin, deportasiya nəticəsində dəyən maddi və mənəvi ziyanın qiymətləndirilməsi, əmlak məsələlərinin araşdırılması və hüquqi baxımdan dəymiş ziyanın hesablanması ilə bağlı geniş fəaliyyət planının olduğunu qeyd etdi.
Görüş səmimi və məhsuldar mühitdə keçdi. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, qaldırılan məsələlərin həlli üçün hüquqi dəstəyin önəmini vurğulayaraq, Ramin İsmayılova göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirdi. Qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət perspektivləri müzakirə olundu.
Görüşün sonunda xatirə şəkli çəkildi və tərəflər gələcəkdə sıx əməkdaşlıq etməyə dair razılığa gəldilər.