GÜNDƏM

“Saray Jasmin Park” Sakinləri Yol Problemlərindən Narazıdır

“Saray Jasmin Park” yaşayış massivində yolların baxımsızlığı sakinlərin gündəlik həyatını daha da çətinləşdirir.

Sakinlər Bdmxeber.az-a müraciət edərək, iki ildən çoxdur ki, həllini tapmayan problemlərin artıq dözülməz hala gəldiyini bildiriblər. Xüsusilə Ziya Bünyadov küçəsindəki dərin gölməçələr gündəlik hərəkəti, eləcə də yaşayışı əsl sınağa çevirib.
“Avtomobillərdən başqa, piyadalar da bu bataqlıqdan keçməkdə çətinlik çəkirlər. Şirkət (Şərur MTK) nə yol çəkir, nə də mövcud şəraiti yaxşılaşdırmaq üçün hər hansı bir addım atır. Üstəlik, sakinlərin öz gücləri ilə düzəltdiyi yol da ağır tonajlı tikinti maşınlarının hərəkəti nəticəsində tamamilə yararsız hala düşüb. Artıq bu vəziyyət həyatımızı iflic edib,” – deyə sakinlər şikayətlərini redaksiyamıza bildiriblər.

Sakinlər əlavə edirlər ki, yeni yaşayış massivində şərait daha yaxşı olmalı idi. “Həm yolumuz bərbad vəziyyətdədir, həm də “Saray Jasmin Park”-da uşaqlarımız üçün oyun meydançası, yaşlılarımız üçün dincələcək bir park belə yoxdur. Halbuki, layihədə parkın salınması nəzərdə tutulmuşdu. Şirkət isə kiçik bir ərazidə artıq 10-a yaxın bina tikib. Binaların sıxlığından nəfəs almaq belə mümkün deyil. Şərur MTK-ya dəfələrlə şikayət etsək də, nə yolları düzəldirlər, nə də burada yaşamaq üçün minimum şəraiti təmin edirlər,” – deyə sakinlər dərdlərini bölüşüblər.

Onların sözlərinə görə, problemlər iki ildir ki, davam etsə də, Şərur MTK məsələyə heç cür əhəmiyyət vermir. “Artıq burada yaşamaq nəinki çətindir, hətta dözülməz bir yükə çevrilib,” – deyə sakinlər bildiriblər.

 

 

Bdmxeber.az olaraq, qarşı tərəfin də mövqeyini dinləməyə və onların məsələyə dair açıqlamalarını yayınlamağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir