Buzlar əriyir: Azərbaycan və Ermənistan sülhə doğru – Sərhədlər açıla bilərmi? – ŞƏRH
Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri xanımları ilə birgə xidmət xarakterli incəsənət və dostluq görüntüləri yaratdılar.
Mehriban və səmimi atmosferdə çəkilən fotolar regional dialoqun simvolu kimi dəyərləndirilir.
Eyni zamanda Pakistan Ermənistanı rəsmi qaydada tanımasını rəsmən təsdiqləyib. Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkə ilə Ermənistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci il tarixində Tianjindəki sammit çərçivəsində imzalanan birgə bəyanatla effektləşib. Bu, uzun illər sonra regiondakı şərtləri və geosiyasi münasibətləri yenidən formalaşdıran ciddi addımdır.
Həmçinin sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul etdi və ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi.
Maraqlıdır, bütün bu proseslər artıq iki ölkə arasında tam şəkildə buzların əriməsinə işarədirmi? Bəs sərhədlərin yaxın vaxtlarda açılması ehtimalı varmı?
Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Azərbaycanla Ermənistan arasında sülh prosesi finişə yaxınlaşır demək heç də yanlış olmaz. Belə ki, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və Vaşinqtonda ortaq bəyanat qəbul edilib. Bundan əlavə, sülhə maneə olan iki əsas məsələdən biri öz həllini tapıb: bu gün ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı yekdil qərar qəbul olunub. Bu isə münaqişənin artıq beynəlxalq gündəmdən çıxması anlamına gəlir.
Normallaşma prosesinin fonunda Türkiyə-Ermənistan münasibətlərində də canlanma müşahidə olunur. Çin səfəri çərçivəsində Ermənistan və Türkiyə liderləri arasında keçirilən görüş gələcək münasibətlərin inkişafı baxımından mühüm hadisə sayıla bilər. Azərbaycan, Ermənistan və Türkiyə liderlərinin bir araya gəlməsi, ayaqüstü də olsa, söhbət etmələri bölgənin gələcək siyasi arxitekturası ilə bağlı müəyyən siqnallar verir.
Bu gün Azərbaycan və Ermənistan liderləri növbəti müzakirələr aparıblar. Digər tərəfdən, Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaq qərarı da prosesə müsbət təsir edən amillərdən biridir və bütün bunlar yekun sülhə doğru atılan addımlar kimi qiymətləndirilə bilər.
Lakin bu, o demək deyil ki, tərəflər arasında etimad mühiti tam bərpa olunub və bütün buzlar əriyib. Çünki münaqişə onilliklər boyunca davam edib, cəmiyyətlər arasında dərin uçurumlar yaranıb və yekun sülh müqaviləsi hələ imzalanmayıb. Sülhə mane olan əsas məsələlərdən biri də Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun hələ keçirilməməsidir. Bu səbəbdən müəyyən müddət ərzində bu prosesi izləməyə davam edəcəyik.
Nəzərə almaq lazımdır ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və seçkilərdən sonra hakimiyyətə gələcək qüvvələr də sülh prosesinə təsir göstərə bilər.
Sərhədlərin açılması məsələsinə gəlincə, bu barədə danışmaq hələ tezdir. Çünki hələlik kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial razılaşma mövcuddur. Zəngəzur dəhlizinin idarə olunması hüququnun ABŞ şirkətinə verilməsi bu sahədə konkret addımlardan biridir. Lakin bu prosesin reallaşması zaman alacaq və bir neçə il çəkə bilər. Eyni zamanda proses davam etməli, sərhədlər dəqiqləşdirilməlidir. Bundan sonra digər məsələlər də öz həllini tapa bilər.
Yekun olaraq, sülh istiqamətində çox ciddi və irəliyə dönük addımlar atılıb,sona çox yaxınıq. Lakin tərəflərin bir-birinə yönəlik xeyli sualları və açıq qalan məsələlər hələ də qalmaqdadır. Bunlar da zamanla öz həllini tapmalıdır.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az