MƏDƏNİYYƏT

Laçında MDB-nin Gənclər Düşərgəsi keçirilir

Laçında Müstəqil Dövlətlər Birliyinin (MDB) Gənclər Düşərgəsi keçirilir.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, layihə 26 avqust – Laçın Şəhəri Gününə həsr olunub.

Gənclər düşərgəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edir.

Düşərgə çərçivəsində iştirakçılar yaradıcı sənaye sahələrində 4 mövzu üzrə işçi qruplarında müzakirələr aparacaq, birgə layihələrin ideyalarını hazırlayıb təqdim edəcəklər.

Gənclər qrup şəklində “Pantomim aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda, həmçinin mobiloqrafiya, rəsm, keramika sahələri üzrə ustad dərslərinə də qatılacaqlar.

İşçi qrupların fəaliyyəti ilə MDB ölkələri gənclərinin əməkdaşlıq və birgə təşəbbüsləri üçün imkanlar yaradılacaq.

Düşərgə avqustun 29-dək davam edəcək.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci il üzrə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Mənbə: Report.Az