Filarmoniyada Niyazinin xatirəsinə həsr olunmuş konserti keçirilib
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda dünyaşöhrətli Azərbaycan bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib.
Mədəniyyət Nazirliyindən “Report”a verilən xəbərə görə, tədbiri mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirlik rəsmiləri ilə yanaşı, mədəi-ictimai xadimlər və digər qonaqlar izləyiblər.
Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mənbə: Report.Az