ƏHALİYƏ ŞOK XƏBƏRDARLIQ: Bu məhsulları qəti almayın, yavaş işləyən zəhərdir…
Bu gün küçələrdə, yol kənarlarında, bazarların girişində, hətta avtovağzallarda belə qarşılaşdığımız mənzərə eynidir: qutuların, torbaların içində, günəşin altında qızmış ət, toyuq, balıq, kolbasa və sosiska məhsulları satılır. İstehlakçıların diqqətini cəlb edən əsas məqam isə qiymətdir. Çünki burada mağazadan ucuz, daha əlçatan qiymətlərlə məhsullar alıcılara təqdim olunur. Ancaq heç kim düşünmür ki, bu ucuzluğun arxasında ölümcül təhlükə gizlənir.
Turkustan.az xəbər verir ki, bu fikirləri Gündəm24.az -a müsahibəsində qida məsələləri üzrə ekspert İlkin Şirinov səsləndirib.
Ekspert vurğulayıb ki, markalanmayan, nəzarətsiz və mənşəyi bilinməyən məhsullar əsl təhlükə mənbəyidir.
“Qida qanunvericiliyinə görə, hər bir ət və ət məhsulunun üzərində istehsal tarixi, son istifadə müddəti, sertifikat nömrəsi, saxlanma qaydası və istehsalçı müəssisənin adı göstərilməlidir. Bu tələblər sadəcə qanuni öhdəlik deyil, həm də insan sağlamlığının qorunmasının əsas təminatıdır. Lakin küçə satıcılarının təqdim etdiyi məhsulların üzərində heç bir markalanma yoxdur. İstehlakçı məhsulun harada, hansı şəraitdə hazırlandığını, nə qədər müddətdir açıq havada saxlandığını bilmir. Çox zaman bu məhsullar xəstə heyvanlardan əldə edilir. Düzgün soyuducu şərait olmadan daşınır və saxlanılır, baytarlıq nəzarətindən keçmir.
Bu məhsulları istifadə edən insan qısa müddətdə zəhərlənmə, uzun müddətdə isə ölümcül xəstəlik riski ilə üz-üzə qalır. Nəticədə Salmonellyoz, Hepatit A, Botulizm, Mədə-bağırsaq infeksiyaları ağır zəhərlənməyə qədər gətirib çıxarır”.
Ekspert bildirib ki, əslində, qanun küçə və yol kənarında ət məhsullarının satışını qadağan edir:
“Ancaq real vəziyyət tam fərqlidir. Səbəblərdən biri ucuz məhsula olan tələbat, digəri isə nəzarət mexanizmlərinin zəif işləməsidir. Yoxlamalar yalnız kütləvi zəhərlənmə halları baş verəndə gündəmə gəlir. Ət və ət məhsulları yalnız etibarlı, sertifikatlı mağaza və supermarketlərdən alınmalıdır. Məhsul üzərində istehsal tarixi, saxlanma şərtləri və sertifikat yoxdursa, qəti almayın. Əgər məhsulun dadı, qoxusu və rəngi şübhəlidirsə, onu istifadə etməyin. Küçələrdə satılan ət, toyuq, balıq, kolbasa və sosiska əslində qida deyil, yavaş işləyən zəhərdir. İstənilən an bir ailənin faciəsinə səbəb ola bilər”.
Mənbə: Turkustan.Az