Ukraynalı spiker: Vaşinqton bəyannaməsi Cənubi Qafqazda sülhə doğru mühüm addımdır
Ukrayna Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan birgə bəyannaməni Cənubi Qafqazda davamlı sülhə doğru mühüm addım hesab edir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə telefon danışığından sonra “X” hesabında yazıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı parlament sədrləri əsas beynəlxalq hadisələr, o cümlədən avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında keçirilmiş üçtərəfli sammit barədə fikir mübadiləsi aparıblar.
“Azərbaycan, Ermənistan və Birləşmiş Ştatlar arasında birgə bəyannamə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində mühüm addımdır. Ukrayna BMT Nizamnaməsi, beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləyir”, – Stefançuk bildirib.
Spiker Ukraynanın Azərbaycanla parlamentlərarası səviyyədə əməkdaşlığı və siyasi dialoqu inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
Bundan başqa, Stefançuk azərbaycanlı həmkarını Ukraynaya səfərə, eləcə də Krım Platformasının Stokholmda keçiriləcək 4-cü parlament sammitində iştirak etməyə dəvət etdiyini bildirib. “Mən ölkələrimiz arasında parlamentlərarası dialoqu gücləndirmək üçün Bakıya səfər dəvətini də yüksək qiymətləndirirəm”, – o qeyd edib.
Mənbə: Report.Az