Azərbaycan arxeologiyasının mərifət zirvəsi
Azərbaycan arxeologiyasının mərifət zirvəsi
Bakı
müqəddəsliyinin siması, böyük İslam alimi Seyid Yəhya Bakuvi Şirvani “Sirlərin
şəfası” əsərində kamilliyin ən yüksək mərtəbəsini “Mərifət”, bu mərtəbəyə yetişənləri
isə “Arif” adlandırır. Arxeologiya elmi də belədir, hər alim bu mərhələyə çata
bilmir, hər kəs ömrü boyu elmin dərin qatlarına enə bilmir, bəsirət gözünü aça
bilmir. Hər kəs imkanları daxilində elmə töhfə verir, amma az sayda alim elmin
mərifət zirvəsinə yüksələ bilir. Müəllimim Qafar Cəbiyev isə məhz bu zirvəyə
çatan, “Arif arxeoloq” adını qazanan alimdir. Mən tələbəsi kimi onun bu
arifliyini hər addımında görür, onun bilik və ruhuna heyran qalıram.
“Arif
arxeoloq” dedikdə mənim nəzərdə tutduğum odur ki, o, qazıntıda yalnız maddi mədəniyyət
qalıqlarını deyil, həm də onların ruhunu, söylədiyi hekayəni görür. Qafar müəllim
sadə bir gil qab parçasından xalqın gündəlik həyatını, məişətini, mətbəxini, hətta
dini dünyagörüşünü şərh edə bilir. Onun bu kamil baxışı mənim üçün böyük bir məktəbdir.
Qazıntının
hər qarışı arif arxeoloq üçün müqəddəsdir. Orta əsr Ağsu şəhərində işçilərdən
biri torpaq qatını ehtiyatsızlıqla qazanda Qafar müəllim sakit səslə deyirdi:
“Tarixlə kobud davranmaq olmaz. Bu torpaq səssiz danışır, sən isə onu dinləməyi
bacarmalısan”. Bu sözlər bizim üçün dərs olur. Biz anlayırıq ki, qazıntı yalnız
texniki iş deyil, həm də əxlaqi dəyər daşıyır.
Qafar
müəllim üçün arxeologiya şəxsi mənafe vasitəsi deyil. Onun əsas məqsədi abidələri
qorumaq, tariximizi gələcək nəsillərə çatdırmaqdır. Mən dəfələrlə şahidi oluram
ki, o, öz şəxsi rahatlığını və səhhətini kənara qoyaraq, günün istisində və ya
soyuğunda saatlarla abidənin yanında dayanır, bizə dərs verir. Bu fədakarlıq
biz tələbələrə elmə və irsə sevgi öyrədir. O, hər dəfə deyir: “Arxeoloq olmaq
üçün yalnız əllə yox, qəlblə işləmək lazımdır”.
Onun
elmi irsi də bu yanaşmanın davamıdır. Qafar müəllimin kitab və məqalələri
yalnız faktların toplusu deyil, həm də tariximizin ruhunu əks etdirən əsərlərdir.
O, elmi nəticələri statistika kimi təqdim etmir, onları insanlığın yaddaş xəzinəsinə
çevirir.
Mən
onunla birlikdə olduğum illərdə görürəm ki, Qafar Cəbiyev üçün arxeologiya bir
elm sahəsi deyil, həyat fəlsəfəsidir. O, torpağın altından çıxan hər daşda
xalqın yaddaşını, kimliyini görür, hər yazını milli tariximizin səsi kimi
oxuyur. Mənim üçün o, sadəcə alim deyil, həqiqi “Arif arxeoloq”dur – elmin mərifətinə
yüksəlmiş, tarixin ruhunu dərk edən, tələbələrinə bu ruhu ötürən bir ustad.
2025-ci
ilin iyulunda Mədəni İrs Beynəlxalq Ustad Məktəbində çıxış edən italiyalı
professor Luiçi Skrinzi də bunu təsdiqləyir. O qeyd edir ki, Qafar Cəbiyevin
işi sadəcə qazıntılar və ya tapıntılar deyil. Onun cəsarəti, başqalarının görə
bilmədiyini görə bilən intellektli baxışı tarixə yeni üfüqlər açır. Tarix öz
fasiləsiz nəqli ilə şərhçilərinə – bizlərə – mənanın qeyri-müəyyən üfüqlərini
göstərir. Bu üfüqlərdə “görmək” sadəcə baxış deyil, intellektin işidir. Məhz bu
intellekt keçmişi oxumağa, zamanın buraxdığı izləri öyrənməyə, itirilmiş
yolları bərpa etməyə imkan verir. Qafar Cəbiyev isə bu intellektli kamil baxışa
sahibdir.
Mənim
müəllimimlə bağlı əvvəlki yazım 2020-ci ildə olmuşdu: “Azərbaycan
Arxeologiyasının Piri haqqında düşüncələrim”. Onda mən arzulamışdım ki, hər gənc
arxeoloq Pirimizi çöldə, qazıntıların içində görsün. Ona isə ömrünün yetmişində
yeni səfərlər və yeni seyrlər diləmişdim. Son illərdə bu arzu gerçəkləşir.
Qafar Cəbiyev Basqalda Şeyx Məhəmməd məscidi, Qalalar yaşayış yeri, Kələxanadakı
xanəgah və türbələr, Ağsuda Şıxməzid xanəgahı və türbəsi, Bakının Bayırşəhərində
Zərgərpalan hamamı, Sulut məscidi kimi abidələrdə apardığı tədqiqatlarla tələbələrinə
yeni dünyalar açır, Azərbaycan tarixi isə yeni kəşflərlə zənginləşir.
Bu
gün, 75 yaşında, Qafar Cəbiyev Azərbaycan arxeologiyasının mərifət zirvəsində
dayanır. O, cəsarətli və kamil görünür. Biz tələbələri ondan Bayırşəhərin və
ayrı-ayrı İslam dövrü abidələrinin öyrənilməsi, qorunması və təbliği üçün yeni,
arifanə yanaşmalar gözləyirik. Bu yubiley yaşında onu təbrik edir, möhkəm can
sağlığı, irsimizi gələcək nəsillərə çatdırmaq yolunda daim öncüllük etməsini
arzulayırıq.
Fariz
XƏLİLLİ, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi
tarix üzrə fəlsəfə doktoru, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin sədri
“İki
sahil”
Mənbə: Meneviyyat.Az/