SİYASƏT

Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub

“Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 80-ci ildönümü ilə əlaqədar tədbir təşkil edib.

“Report” xəbər verir ki, səfirliyin inzibati binasında İndoneziyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Merita Yenninin rəhbərliyi, eləcə də İndoneziya vətəndaşları və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə “Bayraq qaldırma mərasimi” keçirilib.

Tədbir “İndonesia Raya” dövlət himninin müşayiəti ilə İndoneziyanın dövlət bayrağının hazırda Azərbaycanda təhsil alan indoneziyalı tələbələr tərəfindən qaldırılması ilə başlayıb.

Mərasim İndoneziyanın müstəqilliyinə nail olmaq üçün mübarizə aparmış və fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Daha sonra isə Bəyannamənin mətni, “Pançasila” və İndoneziya Respublikasının 1945-ci il Konstitusiyasının preambulası oxunub. Dua oxunması ilə yekunlaşan tədbirin rəsmi hissəsi tort kəsmə mərasimi ilə davam edib.

Həmçinin İndoneziyanın müstəqilliyinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində səfirlik avqustun 2-də bir çox indoneziyalıların və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə əyləncəli oyunlar günü də təşkil edib. Bayraq qaldırma mərasimi bitdikdən sonra isə bu oyunların qalibləri təşkilatçılar tərəfindən rəsmən elan olunaraq böyüklər və uşaqlar üçün olmaqla iki kateqoriya üzrə mükafatlandırıldılar.

Tədbirdə İndoneziya mətbəxinin müxtəlif təamları və ənənəvi qəlyanaltıları qonaqlara təqdim edilib.

Mənbə: Report.Az