SİYASƏT

Haber Global”: “YAŞAT” fondunun təşkilatçılığı ilə baş tutan düşərgədə “İki dövlət, bir millət” prinsipinin ən gözəl nümunəsi nümayiş olunub

İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin ailələrinə dəstək məqsədilə fəaliyyət göstərən “YAŞAT” fondu mühüm tədbir keçirilib. Bu dəfə həm Azərbaycandan, həm də Türkiyədən olan şəhid övladları yay düşərgəsində bir araya gəliblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, gənclər arasında sürətlə qurulan bağ iki ölkə arasında onsuz da mövcud olan sarsılmaz qardaşlığın nümunələrindən biridir.

Materialda qeyd olunub ki, Azərbaycan şəhidləri İkinci Qarabağ savaşını tarixə qızıl hərflərlə yazıblar: “Onların ən dəyərli mirasları, övladları isə bu il də YAŞAT fondunun təşkil etdiyi tədbirdə iştirak etdilər”.

Bildirilib ki, iyulun 27-də Lənkəranda başlayan düşərgədə 500-dən çox şəhid övladı iştirak edib: “Qardaş ölkə Türkiyədən də 18 şəhid övladı orada olub. Düşərgə çərçivəsində uşaqlar həm əylənib, həm öyrənib. Azərbaycan və Türkiyə arasındakı güclü bağ və sarsılmaz qardaşlıq burada da dərindən hiss olunub. Düşərgədə iştirak edən türkiyəli gənclər Azərbaycan mədəniyyətini öyrənmək fürsətini də əldə ediblər. Düşərgədə “İki dövlət, bir millət” prinsipinin ən gözəl nümunəsi nümayiş olunub”.

Mənbə: Report.Az