Laçında “Qadınlar üçün sahibkarlıq və peşə təlimləri” layihəsinin altıncı təlimi keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsinin altıncı təlimi 26 iyul 2025-ci il tarixində Laçın rayonunda baş tutub.
QHT.az xəbər verir ki, bu təlimin əsas məqsədi Laçın rayonunda məskunlaşan qadınların iqtisadi cəhətdən fəallaşdırılması, onların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və peşə yönümlü bilik və vərdişlərə yiyələnmələrinə dəstək olmaqdır.
Bu dəfəki təlim “Liderlik və ünsiyyət bacarıqları” mövzusuna həsr olunub. Təlim iştirakçılarına bu sahədə nəzəri biliklər verməklə yanaşı, onların şəxsi inkişafı və cəmiyyət içində daha fəal və özünəinamlı çıxış etmələri üçün praktik tapşırıqlar təqdim olunub. Təlimçi Orxan Xıdırov geniş təqdimatla çıxış edərək, liderlik anlayışı, liderlik üslubları, komandada effektiv ünsiyyətin qurulması və empati bacarığının vacibliyindən danışıb. O, interaktiv metodlardan istifadə etməklə iştirakçılarla praktiki məşğələlər də keçirib və qadınların liderlik potensialının aşkarlanması istiqamətində faydalı nümunələr təqdim edib.
Təlimdə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova da çıxış edərək qadın liderlərin həyat hekayələrindən danışıb. O, qadınların cəmiyyətin müxtəlif sahələrində – istər dövlət idarəçiliyində, istərsə də sosial və ictimai fəaliyyətlərdə göstərdikləri nailiyyətlərə toxunub. Bəsti Nəsibova qadınların qarşılaşdığı çətinliklərə baxmayaraq, necə uğur qazandıqlarını real nümunələrlə iştirakçıların diqqətinə çatdırıb və onları özlərinə inanmağa və liderlik potensiallarını inkişaf etdirməyə təşviq edib.
Layihə çərçivəsində davamlı olaraq keçirilən bu cür təlimlər, yalnız qadınların fərdi inkişafına deyil, eyni zamanda onların ailə və cəmiyyət içində rolunun güclənməsinə, iqtisadi cəhətdən daha müstəqil və təşəbbüskar olmalarına da şərait yaradır. Təlimlərin müntəzəmliyi qadınların özünüməşğulluq imkanlarını artırmaqla yanaşı, bölgədə qadın sahibkarlığının inkişafına da mühüm töhfə verir.
Qeyd edək ki, layihə gələcəkdə də digər mövzularda silsilə təlimlərlə davam edəcək və Laçın rayonundakı qadınların sosial-iqtisadi inkişafına dəstək verməkdə davam edəcəkdir.
Mənbə: Turkustan.Az