BƏLƏDİYYƏ

Şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir 

Şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir

 

(DƏLLƏR
CƏYİR BƏLƏDİYYƏSİNİN 2025-Cİ İLİN I YARIMİLLİYİ ÜZRƏ İCTİMAİ FƏALİYYƏT VƏ
İDARƏÇİLİK HESABATI)

Şəmkir rayonu, Dəllər Cəyir Bələdiyyəsi olaraq, bələdiyyələrin birləşdirilməsi
ilə bağlı aparılan inzibati islahatların nəticəsi kimi formalaşdığımız yeni
strukturda, 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətimizi hüquqi əsaslara,
strateji planlamaya və vətəndaş məmnuniyyətinə əsaslanan prinsiplərlə qurmağa
çalışmışıq.

 İnsan resurslarının
idarə olunması və təşkilati strukturun formalaşdırılması hesabat dövrü ərzində bələdiyyənin
hüquqi statusunun dəyişməsi ilə əlaqədar olaraq yeni işçi tərkibinin
formalaşdırılması istiqamətində praktiki addımlar atılmışdır. Belə ki:

Ümumi 10 vakansiya yeri müəyyən olunmuş, onlardan 8-i
faktiki olaraq doldurulmuşdur.

Qalan vakansiyalar üzrə seçim prosesi, bələdiyyənin maliyyə
imkanları və prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq mərhələli şəkildə
həyata keçiriləcəkdir.

Bu yanaşma idarəetmədə səmərəliliyi və məsuliyyət bölgüsünü
artırmaq məqsədi daşıyır.

“Təmiz Kənd” modeli – Kommunal Xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi

İlk dəfə Sarıtəpə kəndində tətbiq edilən və özünü praktik
baxımdan səmərəli model kimi göstərən “Təmiz Kənd” layihəsi artıq digər kəndlərdə
də tətbiq edilməyə başlanmışdır:

Hal-hazırda Dəllər Cırdaxan, Qaranüy, Dəllər Daşbulaq və
Sarıtəpə kəndlərində kommunal xidmət tam şəkildə fəaliyyət göstərir.

Bu xidmətə məişət tullantılarının toplanması, daşınması,
çeşidlənməsi və ictimai ərazilərin dövri təmizliyi daxildir.

Dəllər Cəyir kəndində xidmətin tətbiqinə hazırlıq prosesi
aparılır və yaxın aylarda işə başlanacaq.

Layihənin məqsədi yalnız infrastrukturun saxlanılması deyil,
həm də kənd mühitində ekoloji mədəniyyətin formalaşdırılması və vətəndaş məsuliyyətinin
artırılmasıdır.

 Vətəndaş müraciətlərinin
idarə olunması və ictimai iştirakçılıq

6 ay ərzində bələdiyyəyə ümumilikdə 32 ərizə və müraciət
daxil olmuşdur. Bu müraciətlərdən:

18 müraciət bilavasitə bələdiyyənin səlahiyyəti daxilində
araşdırılaraq həllini tapmışdır.

14 müraciət isə aidiyyəti dövlət orqanları ilə birgə müzakirəyə
çıxarılaraq prosesə cəlb edilmişdir.

Qalan müraciətlərə baxılma prosesi mərhələli şəkildə davam
etdirilir. Vətəndaş müraciətlərinin cavablandırılması qanunvericiliyin tələblərinə,
prosedur qaydalara və vətəndaş hüquqlarına əsasən həyata keçirilir.

Maliyyə fəaliyyətinə dair ümumi rəy

Bələdiyyənin maliyyə fəaliyyəti BAMS (Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemi) üzərindən tam şəffaf şəkildə aparılır.
Aşağıdakı statistik göstəricilər təqdim olunur:

Ümumi
daxilolmalar: 11.965

AZN, o cümlədən:

Əmlak
vergisi: 434,80 AZN

Torpaq
vergisi: 3.169,15 AZN

İcarə
haqqı: 6.362,00 AZN

Özgəninkiləşdirmədən
əldə edilən vəsait: 2.000,00 AZN

Xərclər (məxaric):  10 935,89 AZN, o cümlədən:

Bələdiyyənin
saxlanması və inzibati xərclər: 7082.78 AZN

DSMF,
işsizlik və icbari tibbi sığorta haqları: 3464.51 AZN

Qəzet və
informasiya abunəsi: 345,60 AZN

Digər xərclər:
43,00 AZN

Qeyd: Aprel
ayından etibarən bələdiyyənin yeni təşkilati quruluşu tam formalaşdığı üçün mədaxil
və məxaric əməliyyatları faktiki olaraq bu tarixdən sonra başlamışdır.

İnzibati səmərəlilik
və islahat istiqamətləri

Bələdiyyələrin
birləşməsi nəticəsində keçmiş strukturlardan miras qalan maliyyə borcları,
sanksiyalar və iflic olmuş fəaliyyət göstəriciləri bizim qarşımızda ciddi
çağırış kimi dayanmışdır. Hazırda bu çağırışlara cavab olaraq:

Maliyyə öhdəliklərinin
tənzimlənməsi və borc yükünün azaldılması;

Normativ-hüquqi
aktlara uyğun torpaq və əmlak idarəçiliyinin qurulması;

Rəqəmsal
sistemlərin tətbiqi ilə bələdiyyə proseslərinin şəffaflığının artırılması məqsədləri
həyata keçirilir.

Nəticə və
ictimai çağırış

Biz bu
hesabatla bir daha qeyd etmək istəyirik ki, bələdiyyə fəaliyyəti yalnız
inzibati idarəçilik deyil, ictimai məsuliyyət və sosial əməkdaşlıq
platformasıdır. Vətəndaşlarımızdan gözləntilərimiz:

Torpaq sahələrindən
qanunvericiliyə uyğun istifadə etmələri;

Ətraf
mühitin təmiz saxlanmasında aktiv iştirak etmələri;

Bələdiyyə qərarlarında
iştirak etmək üçün açıq olmaqlarıdır.

Bu gün
qurduğumuz idarəçilik modeli gələcəyin dayanıqlı kənd ictimaiyyətini
formalaşdırmağa xidmət edir.

Şəffaflıq,
hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir.

Orxan Əliyev

Şəmkir
rayonu, Dəllər Cəyir Bələdiyyəsinin sədri

İyul
2025

Mənbə: Meneviyyat.Az/