GÜNDƏM

Trampın sayğacı: Putin 50 günə dayanmasa, 24 avqustda Moskva vurulacaq

Dünya yenidən Donald Trampın sayğacına kilidlənib.

Dəfələrlə yazdığımız kimi, ABŞ prezidenti Vladimir Putinə 50 gün vaxt verib. Bunu da dəfələrlə özü və komandası vurğulayıb. Hədəf: Ukraynada müharibəni bitirməkdir.

Bunu bir daha təsdiqləyən açıqlama isə Avropanın Rusiya ilə ən yaxın münasibətləri olan ölkəsindən — Macarıstandan gəldi. Xarici işlər naziri Peter Siyarto Rusiya mətbuatına müsahibəsində bildirib ki, Trampın dediyi 50 günlük müddətdə münaqişənin həlli mümkündür və Budapeşt bunun baş verəcəyinə ümid edir.

Bu cümlə adi bir “diplomatik arzu” deyil. Macarıstan Avropa İttifaqında bəlkə də yeganə dövlətdir ki, Qərbin Rusiya əleyhinə kursuna açıq şəkildə qarşı çıxır. Bu ölkənin xarici işlər naziri konkret bir tarix, konkret bir müddətdən danışırsa, bu, Kremlin dəhlizlərindən ötürülmüş məlumat deməkdir. Deməli, 50 günlük sayğac artıq işə düşüb və bu zaman kəsiyi Tramp-Putin münasibətlərində həlledici rol oynayacaq.

Donald Trampın bu “50 günlük zaman dəhlizi”ni ilk dəfə bu ayın əvvəlində dilə gətirdiyi, bəzi mənbələrin isə bu tarix kimi iyulun 5-ini göstərdiyi iddia olunur.

Əgər bu doğru hesab olunarsa, demək ki, ultimatumun son günü avqustun 24-nə — Ukraynanın müstəqillik gününə təsadüf edir. Rəmzi və simvolik təsir gücü olan bu tarix, həm də Trampın Putin üçün zaman sayğacının bu təqvimə uyğunlaşdırıldığını sübut edir. Yəni Tramp bu müddəti bədahətən söyləməyib: onun komandası bunu öncədən hesablayıb və sayğacı məhz “Ukrayna günü”nə qurub.

Xatırlayırsınızsa, eyni modeli Tramp İranla bağlı tətbiq etmişdi. O, nüvə danışıqlarının dalana dirəndiyi bir zamanda İrana da vaxt vermişdi. Bu müddət tamamlanan günün səhəri isə İran hədəfləri bombalanmışdı. Bu, Trampın yeni diplomatiyasının bir nümunəsidir: açıq xəbərdarlıq + zaman sayğacı + güc tətbiqi.

Donald Trump opens the door to Vladimir Putin's grandest ambitions

Yaxşı, bəs, Putin dayanmasa, Tramp Rusiyanı, konkret halda, Moskvanı vuracaqmı?

Sual artıq təkcə analitiklərin deyil, kəşfiyyat orqanlarının da masasında var: əgər Putin bu müddət ərzində geri çəkilməsə, nə baş verəcək?

ABŞ mediasının yaydığı məlumatlara əsasən, Tramp bir neçə həftə əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu danışıqlarla bağlı iddiaya görə Tramp birbaşa soruşub:

“Əgər sizə lazım olan uzaqmənzilli raketlər verilsə, Moskvadakı hərbi obyektləri vura bilərsinizmi?”

Zelenskinin cavabı konkret olub:

“Bu silahlar verilərsə, vura bilərik”.

Sonradan Ağ Ev bu dialoqu təkzib etsə də, beynəlxalq ictimaiyyət təkzibi deyil, ilk məlumatı real saydı. Bu, həm də yeni bir Tramp doktrinasıdır: “İsrailə Tehranı vurdurduğum kimi, Ukraynaya da Moskvadakı hədəfləri vurdura bilərəm!”

Siyarto nə dedi, nə demək istədi?

Macarıstanın XİN rəhbəri Peter Siyartonun sözlərini “sadəcə şərh” saymaq sadəlövhlük olardı. Bu bəyanat həm də Kreml və Tramp arasında bir kommunikasiya körpüsünün işlədiyini göstərir. Belə çıxır ki, Putin artıq bu zaman intervalını dəyərləndirməyə başlayıb. Cəbhədə artan hücumlar, Xarkov istiqamətindəki intensiv döyüşlər göstərir ki, Kreml bu 50 gündə “nə bacarsam, qazanım” planını reallaşdırır.

Demək ki, Putin Rusiyası verilmiş zaman dəhlizindən istifadə edib, cəbhədə vəziyyəti mümkün qədər yaxşılaşdırmağa, daha çox ərazini işğal etməyə çalışır. Lakin görünən budur ki, Trampın sayğacının son günlərində Putin dayanacaq, manevr edəcək, danışıqlar masasına oturacaq, daha da zaman qazanmağa çalışacaq. Hətta mümkündür ki, Ərdoğanın və Trampın çalışdığı kimi, İstanbulda Zelenski – Putin görüşünün ilk raunduna da şahid olaq.

Зеленский и Трамп встретились на похоронах папы Римского - BBC News Русская  служба

Tramp “Nobel” sülh mükafatı istəyir və bunu tam haqq etmək üçün daha çox sülh yaratma fəaliyyəti olmalıdır. Artıq o, Ermənistan – Azərbaycan sülh prosesinə, Zəngəzur dəhlizi məsələsinə də müdaxilə etməyə başlayıb. ABŞ-ın yeni diplomatik gedişləri, Zəngəzur dəhlizi ilə bağlı yayılan iddialar, “Tramp Körpüsü” kimi simvolik konsepsiyalar göstərir ki, Tramp təkcə Ukraynada deyil, Cənubi Qafqazda da barış fəxri adını qazanmaq istəyir.

Bu baxımdan, dekabr ayına qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkün görünür. Çünki dekabrda Nobel sülh mükafatına namizədliklərin müddəti bitir: Trampın sülh portfelinə daxil ola biləcək ən real barış sazişi isə Güney Qafqazda artıq hərbi fazası bitmiş sayılan Azərbaycan-Ermənistan münaqişəsidir.

Azərbaycan-Ermənistan razılaşmasına dünyadan REAKSİYALAR | Modern.az

Lakin Tramp və onun Nobel arzusu üçün ən mühüm olan istiqamət Ukrayna cəbhəsidir. Putin dayanmasa, atəşkəs olmasa, Nobel almaq çətinləşəcək. Bu da Tramp üçün ciddi hüsran olardı. Bu baxımdan, o hər şey edəcək ki, Rusiya dayansın, Ukraynada ən azı atəşkəs əldə edilsin, ilin sonlarına doğru dünya daha stabil hala gəlsin.

Tramp tökülən qan izlərini kəsib, dünyanı qurtaran dahi olmaq istəyir. O, özünün 2-ci prezidentliyini “Qızıl Sülh dövrü” kimi tarixə yazdıran bir fiqura çevrilmək niyyətindədir.

Bu yolda qarşısına kim çıxacaqsa — Putin də olsa, Zelenskinin raketləri ilə cavab veriləcək. Tramp üçün artıq diplomatiya yox, şərti reflekslər və nəticələr dövrüdür.

Sayğac işə düşüb, dünyanın son 30 illik təhlükəsizlik arxitekturası isə bu dəfə Vaşinqtonda deyil, Mar-a-Lagodakı bağ evində formalaşır./Musavat.com









Mənbə: Turkustan.Az