Yerli icra hakimiyyətləri arxivə qovuşacaq – EKSPERT RƏYİ
Yerli icra hakimiyyətləri arxivə qovuşacaq – EKSPERT RƏYİ
Ən məqsədəuyğun variant rayonların birləşdirilərək
14 iqtisadi rayon üzrə idarə olunmasıdır
Bu model artıq Xankəndi və Laçında tətbiq
olunub və effektiv nəticələr verib
Yerli icra hakimiyyətlərində struktur
islahatları gözlənilir. İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin
müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə
son qoyulacaq. Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri
aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini
təmin etməkdir.
Bəzi idarələrin birləşdirilməsi, digərlərinin
isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri
aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a bildirib ki, yerli icra
hakimiyyəti orqanlarında struktur dəyişiklikləri artıq zərurətə çevrilib və bu
istiqamətdə atılan addımlar gözlənilən idi. Onun sözlərinə görə, yerli icra
hakimiyyətləri Prezidentin təyinatı ilə formalaşsa da, son illər faktiki səlahiyyətlərini
əhəmiyyətli dərəcədə itiriblər:
“Hüquq-mühafizə orqanları istisna olmaqla,
demək olar ki, bütün nazirlik və komitələr artıq regional idarəetmə sisteminə
keçiblər. Lakin bu keçid vahid şəkildə deyil, pərakəndə formada həyata
keçirildiyi üçün koordinasiya problemi yaranır. Nəticədə isə əziyyəti yenə də vətəndaş
çəkir. Vətəndaş bir məsələni həll etmək üçün hansı quruma, hansı struktur bölməyə
müraciət edəcəyini dəqiq bilmir.
Nazirliklərin regional idarəetmə
strukturlarının mövcudluğu şəraitində rayon icra hakimiyyəti başçılarının səlahiyyətləri
demək olar ki, formallığa çevrilib. İcra başçıları proseslərə müdaxilə edə
bilmir, çox zaman sadəcə vasitəçi rolunu oynayırlar. Bu baxımdan bəzi idarələrin
ləğvi və ya birləşdirilməsi başadüşüləndir və təəccüblə qarşılanmamalıdır. Bu
struktur islahatları kontekstində regional idarəetməyə keçid artıq qaçılmazdır.
Ən məqsədəuyğun variant rayonların birləşdirilərək 14 iqtisadi rayon üzrə idarə
olunmasıdır. Bu model artıq Xankəndi və Laçında tətbiq olunub və effektiv nəticələr
verib. Prezidentin xüsusi nümayəndəlikləri bu bölgələrdə vətəndaşlarla əlaqədə,
resursların idarə olunmasında və operativ qərarların qəbulunda müsbət təcrübə
yaradıb. Düşünürəm ki, belə nümayəndəliklərin digər iqtisadi rayonlarda da
yaradılması zəruridir. Daha irəli mərhələdə isə rayon icra hakimiyyətlərinin ləğvi
və rayonların birbaşa bələdiyyələrin idarəetməsinə verilməsi məqsədəuyğun olar.
Bu, büdcə xərclərinin optimallaşdırılmasına töhfə verə bilər. Ümumilikdə isə əsas
məqsəd yerlərdə idarəetmənin sadələşdirilməsi, vətəndaş məmnunluğunun
artırılması və inzibati baryerlərin aradan qaldırılmasıdır”.
Mənbə: Meneviyyat.Az/