Zakir Həsənov və Vüqar Mustafayev Türkiyədə Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib
Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “IDEF 2025” sərgisində iştirak edir.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, “IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
“IDEF 2025” sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62×54 mm-lik snayper tüfəngi, 2 növ 12,7×108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5×114 mm-lik iriçaplı pulemyot sərgilənir.
Səfər çərçivəsində nazir V.Mustafayevin bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, MSN “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çataq
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.
Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.



Mənbə: Report.Az