bdmxeber.az xəbər verir ki, 14 iyul 2025-ci il tarixində Vəhdət Partiyasının qərargahında partiya sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə növbəti iclas keçirilib. İclas iştirakçılarını salamlayan Adəm Bakuvi gündəlikdə duran əsas məsələləri açıqlayaraq bildirib ki, bugünkü toplantının əsas məqsədi partiya daxilində bəzi vəzifələrin müəyyənləşdirilməsi, eyni zamanda rayon təşkilatlarının fəaliyyətinə dair hesabatların dinlənilməsidir.
Sədr çıxışında bildirib: “Bu gün bizim qarşımızda mühüm vəzifələr dayanır. Partiyamızın strukturunda olan boşluqları doldurmaq, rayon təşkilatlarımızın fəaliyyətini daha da gücləndirmək üçün hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Hər bir təşkilat sədri qarşıya qoyulan tapşırıqları vaxtında və səmərəli şəkildə yerinə yetirməlidir. Fəaliyyətimizdə şəffaflığa, hesabatlılığa xüsusi diqqət yetirməliyik. Rayon təşkilatlarımızın fəaliyyəti bizim partiyanın ümumi inkişafının mühüm göstəricisidir.”
Daha sonra söz partiya sədrinin müavini Fəxrəddin Kərimliyə verilib. O, çıxışında hansı rayon təşkilatlarının iclasda iştirak etdiyini, hansıların isə səbəbsiz olaraq iştirak etmədiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra iclasda Binəqədi rayon təşkilatının sədri Zahid müəllim, Səbail rayon təşkilatının sədri Abdulvahab Manafov, Nizami rayon təşkilatındanMeybulla müəllim, Sabunçu rayon təşkilatındanSevda xanım, Abşeron rayon təşkilatındanAtlas xanım, partiyanın mətbuat xidmətinin rəhbəriAftandil Məmmədov, MNT-ka sədriEtibar müəllim, aparat rəhbərinin müavini İsmayıl Ağayev çıxış etdilər. Çıxış edənlər rəhbərlik etdikləri strukturlarda görülən işlər, qarşıda duran hədəflər və mövcud problemlər haqqında sədrə ətraflı məlumat təqdim ediblər.
İclasın sonunda Vəhdət Partiyasının sədri Adəm Bakuvi çıxış edənləri diqqətlə dinləyərək onların təklif və iradlarını qeydə aldığını, qarşıda duran vəzifələrlə bağlı əlavə göstəriş və tapşırıqlar verdiyini bildirib. Sədr qeyd edib ki: “Bu gün burada səsləndirilən fikirlər bizim üçün dəyərlidir. Fəaliyyətimizdə ortaya çıxan çətinlikləri birlikdə aradan qaldırmalı, partiyamızın gələcək inkişafı üçün ardıcıl və sistemli iş aparmalıyıq. Hər bir rayon təşkilatı öz fəaliyyətini gücləndirməli, cəmiyyətlə əlaqələrini daha da genişləndirməlidir. Bu yolda sizin üzərinizə böyük məsuliyyət düşür.”
Sonda Adəm Bakuvi növbəti iclasın yaxın günlərdə elan ediləcəyini bildirərək tədbiri yekunlaşdırdı.