Qərbi Azərbaycan Xronikası: “Baqrat Bin Laden, erməni kilsəsi isə “Əl-Qaidə”dir”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Biri bıçaqla gəlib Paşinyanı müsəlman etsə, nə deyəcək?” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsi ilə qarşıdurmasından bəhs olunub.
Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış xəbəri Ermənistanı qarışdırıb. Belə ki, baş nazir Nikol Paşinyan bu qayıdışı dəstəkləməyən kilsəyə qarşı səlib yürüşünə başlayıb. O, kilsəni əxlaqsızlıq və antimilli qüvvələrin yuvası adlandırıb.
Hakimiyyət təmsilçilərinin, eləcə də əksər deputatların fikrincə, “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan İrəvanın divarlarında insanları güllələməyi planlaşdırırdı: “Baqrat Bin Laden, erməni kilsəsi isə “Əl-Qaidə”dir. Katolikosun məşuqələri mənə onun iyrənc macəralarından danışıblar”.
Süjetdə sabiq baş nazir Aram Sarkisyan və ölkə sakinlərinin sözlərinə yer verilir: “Bu ay sülh bağlanmasa, Ermənistan əyalətə çevriləcək. Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb. Erməni olduğumu etiraf etməyə utanıram. Biri bıçaqla gəlib Paşinyanı müsəlman etsə, nə deyəcək?”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Mənbə: Report.Az