Soydaşlarımız Belarusda Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin xatirəsini yad ediblər
ELAZ.İNFO xəbər verir ki, iyulun 3-də Azərbaycan icmasının üzvləri Belarusun Sultsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Davidoviç Anatoli Nikolayeviçin vaxtilə böyüdüyü evində olublar. Qonaqlar Milli Qəhrəmanın anası Kima Davidoviç və qardaşı Aleksandr Davidoviçlə görüşüblər. Onlara Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin (ARMQTİB) sədri Elşən Uluxanlı adından Təşəkkürnamə və “Böyük Qələbənin varisləri” kitabını təqdim ediblər.
Milli Qəhrəmanın ailə üzvləri onlara göstərilən diqqətə görə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür ediblər.
Daha sonra Azərbaycan icmasının üzvləri tərəfindən Milli Qəhrəman Anatoli Davidoviçin dəfn edildiyi şəhər qəbiristanlığında məzarı ziyarət olunub, xatirəsi yad edilib.
Xatırladaq ki, görüşdə Belarus-Azərbaycan Konqresinin İdarə Heyətinin üzvləri Elman Mahmudov, Raman Qukasari və Namiq Quliyev, həmçinin Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə və “Xəzər Biznes təşəbbüsü” təşkilatının vitse-prezidenti Ramil Səlifov iştirak edib.
Mənbə: Diaspornews.Az