bdmxeber.az xəbər verir ki, 4 iyul 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) ofisində, BDM-in Mədəniyyət Departamentinin rəhbəri Elmira Hüseynovanın təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Təhsil şöbəsinin əməkdaşı və Folklor Qadınlar Təşkilatının fəal üzvü Sevinc xanım ilə xüsusi görüş keçirildi. Görüşdə qarşılıqlı fikir mübadiləsi şəraitində zəngin mədəni dialoq baş tutdu.
Görüşün əvvəlində Elmira xanım, Sevinc xanımın dəvəti qəbul edərək görüşə qatılmasından məmnunluq duyduğunu ifadə etdi və bu təşəbbüsə görə ona səmimi təşəkkürünü bildirdi. Elmira xanım çıxışında qeyd etdi:
“Qərbi Azərbaycanın zəngin mədəni irsi, xüsusilə də folklorumuz, toy adətləri, xalçaçılıq sənəti və milli mətbəx nümunələri bizim xalq olaraq formalaşmağımızda mühüm rol oynamışdır. Bu görüşlər yalnız elmi deyil, mənəvi baxımdan da çox önəmlidir. Çünki bu dəyərləri toplayıb qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Biz bu istiqamətdə əməkdaşlıqları genişləndirməyə və birgə layihələr həyata keçirməyə daim hazırıq.”
Elmira xanımın bu səmimi və düşüncəli çıxışından sonra Sevinc xanım da söz alaraq ona xüsusi təşəkkürünü bildirdi. O qeyd etdi ki, BDM-in, xüsusilə də Mədəniyyət Departamentinin Qərbi Azərbaycanla bağlı mədəni dəyərlərin toplanması və ictimailəşdirilməsi sahəsində göstərdiyi fəallıq, peşəkarlıq və məsuliyyət təqdirəlayiqdir.
Sevinc xanım çıxışında bildirdi ki, Qərbi Azərbaycanın folklor irsi, toy adətləri, xalçaçılıq sənəti və mətbəxi xalqımızın mədəni kimliyinin əvəzolunmaz hissəsidir. O, qeyd etdi ki, folklor yalnız keçmişin izlərini daşıyan sənət nümunələri deyil, həm də xalqın düşüncə tərzi, həyat tərzi və mənəvi dəyərlərinin əksidir.
“Bizim vəzifəmiz bu zəngin irsi qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. BDM-in və Mədəniyyət Departamentinin bu istiqamətdə göstərdiyi dəstək və əməkdaşlıq bu missiyanı həyata keçirmək üçün böyük stimul verir. Bu görüşdə müzakirə etdiyimiz toy adətləri, Dərələyəz mahalının xalçaçılıq ənənələri və mətbəx nümunələri yalnız tariximizi deyil, həm də milli ruhumuzu yaşadır.
Bu məlumatları diqqətlə toplayıb elmi əsaslarla təhlil etmək, eləcə də ictimaiyyətə çatdırmaq folklorun qorunmasında çox vacibdir. Biz, Folklor Qadınlar Təşkilatı olaraq, bu sahədə əməkdaşlığı genişləndirmək və daha çox layihələr həyata keçirmək niyyətindəyik. Birlikdə çalışmaqla milli mədəniyyətimizin zənginliyini daha da irəli aparacağıq.”
Görüşün sonunda xatirə şəkli çəkildi və tərəflər gələcək əməkdaşlıq barədə razılığa gələrək yeni layihələrə birgə imza atmaq barədə fikir mübadiləsi apardılar.