BƏLƏDİYYƏ

 Təhsil xalqın gələcəyidir, müəllim isə bu gələcəyin memarıdır!

 Təhsil xalqın gələcəyidir, müəllim isə bu gələcəyin memarıdır!

Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanında yüksək nəticələr əldə etmiş müəllimlərlə görüş keçirib.

Görüş zamanı yüksək bal toplayaraq peşəkarlığını bir daha təsdiqləmiş müəllimlərimiz təbrik olunub, onların üzərində daşıdıqları böyük məsuliyyət, zəhmət və əzm xüsusi qeyd edilib. Bildirilib ki, bu uğurlar sadəcə fərdi nailiyyət deyil, ümumilikdə rayonumuzun təhsilinə, gələcək nəslin inkişafına verilmiş töhfədir.

  Müəllimlərimiz bu imtahanda öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, bütün cəmiyyətə bir örnək göstərmişlər ki, davamlı öyrənmək, inkişaf etmək və öz üzərində çalışmaq uğurun açarıdır.

  Fidan Fərzəliyeva çıxışında bildirib:

“Bu gün sizin uğurunuz hər bir şagirdin, hər bir ailənin, hər bir kəndin və şəhərin uğurudur. Müəllim olmaq sadəcə bir peşə deyil – bu, bir missiyadır. Gənc nəsillərin formalaşmasında, onların mənəviyyatında və dünyagörüşündə sizin əliniz var. Şabran Bələdiyyəsi olaraq, təhsilə və müəllimlərimizə dəstək verməyi özümüzə borc bilirik. Sizin uğurlarınız bizim də qürur mənbəyimizdir.”

Bu görüş həm də müəllimlərə göstərilən etimadın və təşəkkürün ifadəsi idi. Təhsil cəmiyyətin inkişafının əsas dayağıdır və biz inanırıq ki, bu dayağı möhkəmləndirən sizin kimi peşəkar, savadlı və əzmkar müəllimlər olduqca, gələcək daha işıqlı olacaq.

Şabran Bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/