Tramp: “Bayden faktiki olaraq bütün silahları Ukraynaya verib”
ABŞ Ukraynaya silah tədarükünü davam etdirir, eyni zamanda öz ehtiyatlarını da nəzərə almalıdır.
“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryuz hərbi bazasında jurnalistlərlə söhbət zamanı bildirib.
Ukraynaya silah tədarükünün niyə dayandırıldığı barədə suala cavab olaraq Tramp deyib: “Biz dayandırmamışıq. Biz silah təmin edirik və artıq çox tədarük etmişik. Biz onlarla əməkdaşlıq edirik, kömək etməyə çalışırıq, lakin tədarükü dayandırmamışıq”.
Eyni zamanda Tramp keçmiş prezident Co Baydenin administrasiyasını tənqid edib, onu ABŞ-dan həddindən artıq silah çıxarmaqda ittiham edib: “Bayden faktiki olaraq bütün silahları verərək ölkəmizi boşaldıb. Biz özümüz üçün də kifayət qədər silahımızın olduğuna əmin olmalıyıq”.
Mənbə: Report.Az