MÜSAHİBƏ

İsmayıl Ağayev: “Yekaterinburqda baş verən faciə adi bir insident deyil, bu, bəşəriyyətə qarşı yönəlmiş açıq bir cinayətdir.”

bdmxeber.az xəbər verir ki, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev 2 iyul 2025-ci il tarixində internet televiziyası formatında fəaliyyət göstərən “Hürriyyət TV”nin canlı efirində qonaq olmuşdur.

Verilişin aparıcısı Vüsalə Nəciyevanın təqdimatında canlı yayımlanan proqramda “Rusiyada baş verən hadisələr diasporları niyə əhatə edir?” mövzusu ətrafında əhatəli müzakirələr aparılmışdır.

İsmayıl Ağayev çıxışında diaspor təşkilatlarının yalnız mədəni kimliyin qorunmasında deyil, eyni zamanda informasiya təzyiqləri, geosiyasi dəyişikliklər və ictimai proseslər fonunda tez-tez hədəfə çevrildiyini bildirmişdir. O, Rusiyada baş verən son hadisələrin bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına da birbaşa və dolayısı ilə təsir göstərdiyini qeyd etmiş, diaspor üzvlərinin bu kimi proseslərə qarşı daha çevik və həmrəy mövqe sərgiləməsinin zəruriliyini vurğulamışdır.

Verilişdə, həmçinin Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində iki azərbaycanlının qətlə yetirilməsi və bir neçə nəfərin ağır yaralanması ilə nəticələnən zorakılıq faktına da toxunulmuşdur. İsmayıl Ağayev bu hadisəni bəşəriyyətə qarşı yönəlmiş açıq cinayət kimi qiymətləndirmiş və bu faktın sıradan bir insident olmadığını qeyd etmişdir. O bildirmişdir ki, belə hallara hüquqi və beynəlxalq səviyyədə prinsipial qiymət verilməli, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Bu mövqe Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi reaksiyasında da əksini tapmışdır.

Verilişdə, eyni zamanda, Qərbi Azərbaycana qayıdış məsələsinə də xüsusi yer ayrılmışdır. İsmayıl Ağayev bildirmişdir ki, bu mövzu Azərbaycan diasporu üçün milli prioritet olaraq gündəmdə saxlanmalı, dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırılmalıdır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə qayıdışına dair müəyyənləşdirilən strateji hədəflərin həm ölkə daxilində, həm də beynəlxalq platformalarda sistemli şəkildə təbliğinin vacibliyini qeyd etmişdir.

Veriliş boyunca Azərbaycan diasporunun birliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi, soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə qorunması və diaspor gənclərinin bu proseslərdə fəal iştirakı kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Verilişin linkini aşağıda təqdim edirik. Müsahibənin tam versiyasını izləmək üçün linkə keçid edə bilərsiniz: