SİYASƏT

Tahir Rzayev: Yekaterinburq hadisələri Azərbaycan Rusiya münasibətlərinə ciddi zərbə vurur

Yekaterinburqda iki azərbaycanlının qətlə yetirilməsi, bir neçə şəxsin əsassız şəkildə saxlanılması və onlara qarşı yalan ittihamların irəli sürülməsi yolverilməzdir və gələcək üçün heç bir müsbət nəticə vəd etmir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu hadisələr Azərbaycan Rusiya münasibətlərinə ciddi zərbə vurur. Deputatın fikrincə, təəssüf doğuran isə Rusiya rəhbərliyinin bu məsələlərdə neytral mövqe sərgiləməsidir:

“Hadisələrdən xəbərdar olduqları halda, bu təxribatların və şovinist dairələrin fəaliyyətinə qarşı heç bir tədbir görülmür. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, bütün bu proseslər mərkəzdən idarə olunur və yüksək səviyyədə razılaşdırılmış şəkildə həyata keçirilir. Lakin artıq bu cür siyasətlərin yürüdüldüyü dövr keçib”.

O vurğulayıb ki, Rusiya rəhbərliyi bu məsələ üzərində ciddi şəkildə düşünməlidir:

“Çünki Rusiya ilə Azərbaycan arasında mühüm sənədlər və razılaşmalar imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin yaxşılaşdırılmasına və mədəni əlaqələrin inkişafına xidmət etməlidir. Lakin Rusiya bu sənədlərə zidd olaraq çirkin əməl və planlar həyata keçirir və şovinist məqsədlər güdür. Sözsüz ki, bu cür təxribatlar və qanunsuz hərəkətlər cəzasız qalmayacaq. Rusiyanın hüquq-mühafizə orqanları etdikləri cinayətlərə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar”.

Mənbə: Report.Az