YAZARLAR

AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib

İyunun 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə baş tutan əlamətdar tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, alimlər, ziyalıları, şəhər kitabxanalarının əməkdaşları və məktəblilər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli şair-publisist Vaqif Aslanın zəngin yaradıcılıq irsindən, onun Azərbaycan ədəbiyyatında tutduğu özünəməxsus yerdən, milli dəyərlərə bağlılığından və oxucu ilə səmimi ünsiyyət quran ədəbi üslubundan bəhs edib. Akademik qeyd edib ki, Vaqif Aslan Azərbaycan poeziyasında ictimai fikrə üstünlük verən nadir sənətkarlardan biridir. O, Vaqif Aslanın yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri ilə müqayisə edərək, şairin şeirlərindəki vətəndaş mövqeyinin, milli-mənəvi özünüdərkin və milli köklərə bağlılıq ruhunun dərinliyini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli şairin tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərlər içərisində “Ruhlarla danışan adam” poemasını xüsusi vurğulayaraq, bu əsərdə milli yaddaşın poetik dildə ifadəsini yüksək dəyərləndirib. Həmçinin “Aydın” poemasının milli istiqlal uğrunda mübarizədən bəhs edən ciddi ictimai məzmunlu bir əsər olduğunu bildirib.

“Vaqif publisistikası elmi publisistikadır. V.Aslan haqqında görkəmli alimlər Yaşar Qarayev, Aydın Məmmədov, Kərim Şükürlü, Cavanşir Feyziyev, Asif Rüstəmli elmi məqalələr yazıblar. Şair bu gün ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edir”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Vaqif Aslan yaradıcılığa Sovet dövründə başlayıb və onun sənətkarlığı müstəqillik dövründə daha da inkişaf edərək zirvəyə yüksəlib. Çıxışının sonunda akademik İsa Həbibbəyli Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirib, şairi yubileyi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra akademik İsa Həbibbəyli şair Vaqif Aslana Ədəbiyyat İnstitutunun “Fəxri dostu” diplomunu təqdim edib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün tədbirə dəvətə görə təşəkkürünü bildirib, Türkiyə Cumhuriyyətindən Vaqif Aslana ərməğan olunan mötəbər təltifi – “Türk dünyası Elmlər Akademiyasının fəxri professoru” diplomu və mantiyanı yubilyara təqdim edib.

Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziuma diqqət çəkib, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. B.Akgün Vaqif Aslanla bağlı fikirlərini bölüşüb və bildirib ki, şairlərə, yazarlara, sənətkarlara qayğı, diqqət, hörmət göstərmək bizim vacib işimizdir: “Şairlər haqqın sözünü haqq adına söyləyirlər. Əhməd Cavaddan, Bəxtiyar Vahabzadədən Vaqif Aslana kimi bütün şairlərin yaradıcılığının əsas mövzusu insan və şəxsiyyətdir. Birol Akgün şairi yubileyi münasibətilə təbrik edib, qələminin iti olmasını arzulayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.

“Vaqif Aslan poeziyası çağdaş türk şeirinin ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən başlayaraq özünəməxsus yaradıcılıq yolu, stixiyası ilə Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Vaqif Aslan həm də bu fəaliyyətləri ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Yasamal rayon MKS-nin direktoru, fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova AMEA-nın prezidentinə və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə minnətdarlığını bildirib. L.Məmmədova qeyd edib ki, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ruhlarla danışan adam” kitabı nəşr olunub. L.Məmmədova “Ruhlarla danışan adam” kitabında elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer aldığını bildirib. Məlumat verib ki, daha iki kitabın – Qadir Hüseynovun “Mənim dünyam” və Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabları Fondun dəstəyi ilə nəşr olunmuşdur. Daha sonra L.Məmmədova Q.Hüseynovun “Mənim dünyam” kitabı haqqında məlumat verib.

Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək qeyd edib ki, Vaqif Aslan son dərəcə gözəl qələmi olan şairlərdəndir. S.Səxavət şairi yubiley münasibətilə təbrik edib. O, çıxışını “Ay ilk məhəbbətim, son məhəbbətim” şeiri ilə yekunlaşdırıb.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında bildirib ki, doktorluq dissertasiyasını hazırlayarkən, V.Aslanın yaradıcılığını araşdıraraq şairin “Dədə Qorqud” motivlərilə bağlı müsahibə və çıxışları ilə tanış olub. “Vaqif Aslanla yaradıcılıq ünsiyyəti yaradanda ona monoqrafiyamı da göndərdim”, – Y.İsmayılova deyib və Qazaxıstanda “Türk dili” jurnalında şairlə bağlı məqaləsinin çap olunduğunu vurğulayıb.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şair Qadir Hüseynov V.Aslana yaradıcılıq uğurları arzulayıb. Həm özünün, həm V.Aslanın kitabının işıq üzü görməsi ilə əlaqədar təbrik edib və Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevə dərin təşəkkürünü bildirib. Q.Hüseynov Vaqif Aslanın yubileyinə həsr etdiyi şeirini səsləndirib.

Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov qeyd edib ki, Vaqif Aslanı şəxsən tanımazdan öncə onun şeirləri ilə tanış olub. Şairə yaradıcılıq uğurları arzulayıb. E.Hümbətov Türk Ağsaqqalları İctimai Birliyi adından Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Vaqif Aslana “Fəxri diplom” təqdim edib.

Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğulayıb ki, bu gün Vaqif Aslanın yox, Azərbaycan ədəbiyyatının yubileyidir. M.Rəsulov V.Aslana yaradıcılığında müvəffəqiyyətlər arzulayıb.

BDU-nun kafedra müdiri professor İsmayıl Əliyev şairi 75 illik yubileyi münasibətilə təbrik edib. Professor vurğulayıb ki, Qobustandan Balakənə qədər Qafqaz sıra dağlarının ətəklərində, qədim Şəkinin Kiş kəndində yaşayıb yaradan Vaqif Aslanın şərəfinə respublikamızın ən mötəbər elm məbədi olan AMEA-da yubileyinin keçirilməsi əsası Ulu Öndər tərəfindən qoyulmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin bariz nümunəsidir. O qeyd edib ki, V.Aslan şair, tərcüməçi, publisist olmaqla yanaşı, həm də müəllimdir. Bu tədbirin keçirilməsi onun yaradıcılığına dövlətimizin diqqət və qayğısının nümunəsidir.

172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova V.Aslanı 75 illik yubileyi münasibətilə təbrik edib. Şairin yazdıqlarının gənc nəslə tərbiyəvi əhəmiyyətini, öyrədici və düşündürücü təsirlərini vurğulayıb.

Şair Tural Adışirin çıxışında Vaqif Aslanın onlarla yetirmələrindən biri olduğunu vurğulayıb. V.Aslanın 75 illik yubileyinə həsr olunan kitabda məqaləsinin yer aldığını bildirib. Çıxışının sonunda millət vəkili Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı göndərdiyi təbrik məktubunu oxuyub.

Həmçinin videoformatda türkiyəli şair Hasan Kallimcinin şair Vaqif Aslana təbriki izlənilib.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü Şəkinin gözəlliyindən söz açıb və Vaqif Aslanı təbrik edib, ona daim yazıb yaratmağını arzulayıb.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Selvigül Şahin çıxışında Vaqif Aslanı təbrik edib, qələminin iti olmasını arzulayıb. Selvigül Şahin şairə çəkdiyi tablonu təqdim edib.

V.Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Şairin qələminin heç zaman yorulmamasını, yeni-yeni əsərlər yazmasını arzulayıblar.

Şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirib, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür edib.

Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu İslam Qasımovun ifasında sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin “Azərbaycan”, sözləri Əhməd Cavadın, musiqisi Emin Sabitoğlunun “Şükriyyə” mahnıları, tanınmış muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu Maya Cəbrayılova “Çanaqqala Müzəffər”, “Mehriban olaq” mahnılarını və muğamlar ifa ediblər. Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Sübhan Ağazadə, Aysu Qululu, Tunar Əzizov və Fatimə Kərimli muğamlar ifa ediblər. İfaçıları kamançada Xətayə Cəfərova, tarda Famil Məmmədov, qavalda Əziz Mənsimli müşayiət edib.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili kompozisiyasını təqdim edib.

Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır”, “Şəki” şeirlərini səsləndiriblər.

AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib

AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilibAMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilibAMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir