MƏDƏNİYYƏT

Xaraba Gilan şəhər yerində orta əsrlərə aid baş qala qapısı aşkar olunub

Naxçıvan Muxtar Respublikası (MR) ərazisindəki Xaraba Gilan şəhər yerində orta əsrlərə aid baş qala qapısı aşkar olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya iyunun 2-dən arxeoloji qazıntılara başlayıb

Ordubad rayonu ərazisindəki Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar edilib. Müəyyən olunub ki, yolun eni 2,35 metrdir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir.

Onu da qeyd edək ki, yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1,5 metrdir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olmuşdur ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirəli və şirəsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir