MƏDƏNİYYƏT

“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub

“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, tanınmış mədəniyyət və elm xadimləri, müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə gecənin aparıcıları muğam sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən musiqi və muğam sənətinin inkişafına, təbliğinə davamlı diqqət və qayğı göstərilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva da mədəniyyətin və ulu muğamın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın səyləri və qayğısı ilə Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. “Muğam aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.

Ardınca festivalın “Bayatı” adlı möhtəşəm qala konserti təqdim edilib.

Azərbaycan, Türkiyə, Mərakeş/İspaniya, İraq, BƏƏ, Özbəkistan, Tacikistan, Qazaxıstan,Kanada, Hindistan və Monqolustandan olan ifaçı və kollektivlərin etnik-mədəni zənginlikləri ilə yaddaşlara yazılan çıxışları dinlənilib.

Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında “Muğamat var olan yerdə…” adlı musiqi nömrəsi ilə başa çatıb. Bütün ifalar tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Muğam aləmi” festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi keçiriləcək.

Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.

Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.

İyunun 22-dək davam edəcək festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir