GÜNDƏM

İlanlarla rastlaşarkən bunları etsəniz, sizi sancmayacaq və uzaqlaşacaq – VACİB TÖVSİYƏ

“Yay aylarında ilanların görünməsi əslində təbiətin qanunauyğunluğudur. Hər il yaz və yay aylarında ilanların fəallaşması normal ekoloji hadisə sayılır. Soyuq aylarda qış yuxusuna gedən ilanlar, havalar isinən kimi oyanır və ov axtarışına çıxırlar”.

Bu fikirləri heyvanlar üzrə mütəxəssis Samir Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib:

“İstər su, istərsə də quru ilanı yayda oyanaraq ov etməyə başlayır. Ac olduqları üçün bir qədər aqressivləşirlər. Amma ilanların insanların olduğu ərazilərə gəlməsi çox nadir haldır. Onlar insanları ov kimi qəbul etmirlər”.

Mütəxəssis əlavə edib ki, ilanlar adətən köhnə, xarabalıq evlərdə, zirzəmilərdə gizlənirlər və günün çox isti saatlarında deyil, daha çox səhər tezdən və ya gün batması zamanı hərəkətə keçirlər. Onlara qarşı istifadə olunan müxtəlif dərman və cihazların effektivliyi isə şübhə altındadır.

“İlanlardan qorunmaq üçün ən təsirli yol həyət və ətraf ərazilərdə gigiyenaya əməl etməkdir. Həyətdə çör-çöp, taxta qırıntıları və köhnə əşyalar yığılmamalı, hər hansı dəlik və boşluqlar bağlanmalıdır. Toyuq-cücə saxlanan yerlərdə də ilanların girə biləcəyi boşluqlar olmamalıdır. İlanlar insanlardan qaçır və açıq ərazilərdə çox da görünmür. Onlar əsasən gizli yerlərdə yaşayır və ovlarını ölçülərinə görə seçirlər. İlanlar dilləri vasitəsilə ətrafdakı canlıların ölçüsünü və ov olub-olmadığını müəyyənləşdirirlər”.

Ekspert təbiətlə harmoniyada yaşamağın vacibliyini də qeyd edib:

“İlanlar təbiətdəki zəncirin vacib hissəsidir. Onlar olmasa, siçanlar və digər gəmiricilər ətrafı basar. İlanlarla qarşılaşan insanlar sakit olmalı, hərəkətsiz durmalı və onu özündən çıxartmamağa çalışmalıdır. Belə olanda adətən ilan özü uzaqlaşır. Heyvanları öldürmək günahdır. Onların da bu həyatda yeri var. Təbiətin bir parçası olaraq onlarla dinc şəkildə birgə yaşamağı öyrənməliyik.”









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir