Zelenski: Vatikanda Trampla görüşə Ağ Evdəki danışıqlardan daha çox vaxt verdilər
Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ lideri Donald Trampla qısa şəxsi söhbətin digər şəxslərin iştirakı ilə Oval kabinetdə keçirdikləri əvvəlki görüşdən daha məhsuldar olduğunu deyib.
“Report”un məlumatına görə, “ABC News” telekanalına müsahibəsində Ukrayna dövlətinin başçısı 15 dəqiqəlik təkbətək görüşü “yaxşı və məhsuldar” adlandırıb.
“Vaxt və fürsət lazımdır. Vatikandakı bu 15 dəqiqəlik təkbətək görüş Oval kabinetdə insanların böyük dairəsindəki görüşdən daha çox şey verdi”, – o vurğulayıb.
Oval kabinetdə Trampla ictimai qalmaqalla bitən görüşü şərh edən Zelenski bunun onun üçün çətin olduğunu etiraf edib. O, həmçinin əlavə edib ki, Amerika lideri ilə daha çox qarşılıqlı əlaqə gözləyir.
İki lider arasında görüş aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasiminə onlarla dünya liderinin getdiyi Vatikanda baş tutub. Ukrayna Prezident Ofisi Trampla növbəti görüşün iyunun 15-17-də Kanadada keçirilməsi planlaşdırılan G7 sammiti çərçivəsində baş tutacağını gözləyir.
Mənbə: Report.Az