Vəhdət Partiyası və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildi
bdmxeber.az xəbər verir ki, 27 dekabr 2025-ci il tarixində Vəhdət Partiyasının, Beynəlxalq Diaspor Mərkəzinin və Qərbi Azərbaycanın Paşalı rayonu Terp, Köçbək və Leyliqaçan kənd sakinlərinin birgə təşkilatçılığı ilə “Töhfə” Şadlıq Sarayında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbir Azərbaycan xalqının milli birliyini, Qərbi Azərbaycan həqiqətlərini və dünya azərbaycanlılarının həmrəyliyini nümayiş etdirən yüksək ictimai-siyasi və mənəvi məzmunu ilə yadda qaldı.
Tədbir çərçivəsində ilk olaraq Qərbi Azərbaycan mövzusunda təşkil olunmuş sərgiyə baxış keçirildi. Sərgidə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını və deportasiya həqiqətlərini əks etdirən fotoşəkillər, xəritələr, kitablar və digər vizual materiallar nümayiş etdirildi. İştirakçılar sərgi vasitəsilə öz tarixi yurdları haqqında dolğun məlumat əldə etdilər, Qərbi Azərbaycanla bağlı tarixi gerçəklikləri bir daha xatırladılar.
Tədbiri Dr.Ceyhun Şakiroğlu açaraq qonaqları salamladı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, ideoloji və milli əhəmiyyətindən geniş şəkildə bəhs etdi. O vurğuladı ki, bu cür tədbirlər milli yaddaşın qorunması, Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıyır.
İlk olaraq Terp kəndinin ağsaqqalı, seyyid Mirəli Qasımov xeyir-dua verdi. O, xalqımızın birlik və bərabərlik içində daim güclü olmasını, Azərbaycanın ərazi bütövlüyünün qorunmasını və Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının tezliklə gerçəkləşməsini arzuladı.
Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin qəhrəmanlığı və fədakarlığı tədbir iştirakçıları tərəfindən dərin ehtiramla anıldı.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tarixi çıxışından videoçarx nümayiş etdirildi. Bu çıxış dünya azərbaycanlılarının təşkilatlanması və milli birlik ideyasının dövlətçilik siyasətindəki yerini bir daha aydın şəkildə nümayiş etdirdi.
Ardınca Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarından ibarət videoçarx təqdim olundu. Dövlət başçısının Qərbi azərbaycanlıların hüquqlarının bərpası, tarixi ədalətin təmin olunması və bu məsələnin beynəlxalq müstəvidə gündəmdə saxlanılması ilə bağlı qətiyyətli mövqeyi tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirin rəsmi hissəsində Vəhdət Partiyasının sədri, Dr. Adəm İsmayıl Bakuvi çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli şüurun formalaşmasında və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğuladı. O bildirdi ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşla bağlı deyil, eyni zamanda beynəlxalq hüquq çərçivəsində ədalətli mövqeyin bərpası məsələsidir. Dr. Adəm İsmayıl Bakuvi Vəhdət Partiyasının bu istiqamətdə apardığı ardıcıl fəaliyyətlərdən, gənclərin milli ideyalar ətrafında birləşdirilməsinin vacibliyindən danışaraq, bu cür tədbirlərin xalq-dövlət birliyini daha da gücləndirdiyini qeyd etdi.
Daha sonra Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dr. İsmayıl Ağayev çıxış edərək dünya azərbaycanlılarının vahid məqsəd ətrafında təşkilatlanmasının bu gün xüsusi strateji əhəmiyyət daşıdığını bildirdi. O, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Dr. İsmayıl Ağayev qeyd etdi ki, Beynəlxalq Diaspor Mərkəzi Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi, tarixi ədalətin bərpası və soydaşlarımızın səsinin dünya platformalarına çıxarılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Daha sonra Terp kənd Nəzarət-Təftiş Komissiyasının sədri Abbas Ağamirzəyev və Paşalı rayonu Terp kənd icma nümayəndəsinin sədri Ceyhunə Şirəliyeva çıxış edərək kənd icmalarının fəaliyyəti, icma birliyi və həmrəylik ruhu haqqında danışdılar, bu cür tədbirlərin kəndlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğuladılar.
Tədbir çərçivəsində Qərbi azərbaycanlıların deportasiyası və məruz qaldıqları haqsızlıqlardan bəhs edən sənədli film nümayiş etdirildi. Film tədbir iştirakçılarına dərin emosional təsir bağışladı və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha ön plana çıxardı.
Bədii hissədə xanəndələr Rəşad İdrisoğlu və Sabir Hüseynov, eləcə də saz ustası Əziz Məmmədov milli musiqilərimizi yüksək səviyyədə ifa etdilər. Ardınca yallı və milli rəqslər təqdim olundu, tədbirə xüsusi rəng qatıldı.
Vəhdət Partiyası Gənclər Təşkilatının sədri, psixoloq Aynurə Ələkbərova çıxış edərək gənclərin milli kimlik, vətənpərvərlik və mənəvi dəyərlər əsasında formalaşmasının əhəmiyyətindən danışdı, gənclərin bu prosesdə fəal iştirakının vacibliyini qeyd etdi.
Tədbir çərçivəsində “Dünya Azərbaycanlılarının birlik və bərabərliyinin formalaşdırılması və möhkəmləndirilməsi sahəsində göstərdiyi fəallığa görə” Vəhdət Partiyasının üzvləri, partiyanın gənclər təşkilatının idmançı üzvləri, partiya fəalları, Beynəlxalq Diaspor Mərkəzinin üzvləri və Paşalı rayonu Terp, Köçbək və Leyliqaçan kənd sakinlərindən ibarət bir qrup şəxs mükafatlandırıldı.
Tədbirin davamında kənd sakinlərindən Həsən müəllim, İsmayıl Ağamirzəyev, şair İnqilab Dərələyəzli, ağbirçəklər Aygül Niftəliyeva və Dilarə Bəhmənova, Qarabağ Əlilləri İctimai Birliyinin sədri, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Tahir müəllim, eləcə də şairə Nazlı Yazar çıxış edərək duyğu və fikirlərini bölüşdülər. Eyni zamanda təşəkkürnamə ilə təltif olunan digər şəxslər də çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə tədbir iştirakçılarına və təşkilatçılara dərin minnətdarlıqlarını ifadə etdilər, onlara göstərilən diqqət və verilən yüksək qiymətə görə təşəkkürlərini bildirdilər.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Tədbir iştirakçıları Prezidentin Qərbi Azərbaycanla bağlı həyata keçirdiyi siyasətə dəstək ifadə etdilər.
Tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi və tədbir yüksək ruh, milli birlik və həmrəylik ab-havası ilə başa çatdı.


oplus_140509184
































oplus_136314912



