Sabahdan Rusiyadakı azərbaycanlılar geri dönürlər?
Rusiyada qalmaq üçün hüquqi əsaslarını itirmiş əcnəbi vətəndaşlar bir gün ərzində ölkədə öz hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə bilərlər.
Lakin sentyabrın 11-dən bu imkan artıq olmayacaq.Rusiya Daxili İşlər Nazirliyindən bildirib ki, çərşənbə günü, sentyabrın 10-da Rusiya prezidentinin ölkədə qalmasının hüquqi əsaslarını itirmiş xarici vətəndaşlara hüquqi statuslarını tənzimləmək imkanı verən fərmanının müddəti başa çatır.
Sentyabrın 11-dən etibarən əcnəbi qanun pozucularına nikahı qeydiyyata almaq və ya boşanma üçün ərizə vermək qadağan ediləcək. Onlar övladlarını uşaq bağçalarına və ya təhsil müəssisələrinə yazdıra, nəqliyyat vasitəsini idarə edə və hər kəsin gündəlik həyatda ehtiyac duyduğu digər xidmətlərdən yararlana bilməyəcəklər. Rusiya Daxili İşlər Nazirliyi xatırladıb ki, əcnəbi qanun pozucuları statuslarını tənzimləmək üçün faktiki yaşadıqları yer üzrə nazirliyin pasport-viza mərkəzinə və ya onun ərazi orqanlarının ən yaxın miqrasiya şöbəsinə müraciət edə bilərlər.
Sabahdan Rusiyadan Azərbaycana böyük köç gözlənilirmi?
Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Milli Məclisinin deputatı Azər Allahverənov bildirib ki, Rusiyada sentyabrdan qüvvəyə minən yeni qaydalar miqrantlara məhdudiyyətlər gətirib:
“Rusiyada sentyabrın 1-dən qüvvəyə minən bir sıra yeni qaydalar müəyyən məhdudiyyətlər və qanunvericiliyin sərtləşdirilməsi kimi qiymətləndirilə bilər. Bu qaydalar əsasən ölkədə əsası olmadan müvəqqəti qalmaq istəyən şəxslərə şamil olunur. Eyni zamanda, bəzi yeni qaydalar uzunmüddətli qalmaq istəyən miqrantlara da tətbiq edilir.
Məsələn, bəzi əmək sahələrindən miqrantların uzaqlaşdırılması konkret əyalətlər üzrə onların hansı ölkəni təmsil etməsindən asılı ola bilər. Yaxınlarda qəbul olunan qərarlara əsasən, ticarət və digər sahələrdə miqrantların sektordan kənarlaşdırılması nəzərdə tutulub, lakin tikinti və fiziki güc tələb edən sahələrdə miqrantlara hələ də ehtiyac olduğu üçün bu məhdudiyyətlər tətbiq edilmir”.
Onun sözlərinə görə, Rusiyada 450 min azərbaycanlı yaşayır, 100 mindən çoxu işləyir və yeni qaydalar əsasən müvəqqəti qalanlara şamil olunur:
“Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi və Federal Miqrasiya Xidmətinin məlumatına görə, bu il Rusiyada təxminən 450 min Azərbaycan vətəndaşı yaşayır, onların 100 mindən çoxu birbaşa əmək fəaliyyəti ilə məşğuldur.
Yeni qaydalar əsasən müvəqqəti əsaslarla ölkədə yaşayan şəxslərə şamil olunur; əmək fəaliyyəti ilə məşğul olan, təhsil alan, uzunmüddətli müalicə alan və digər kateqoriyadakı miqrantlar əsasları olduğu halda Rusiyada qala biləcəklər”.
Deputat qeyd edib ki, yeni qanun layihəsi miqrantların ailə üzvlərinin Rusiyada qalmasını məhdudlaşdırır:
“Hazırda Dövlət Dumasında müzakirə olunan qanun layihəsinə görə, əməkçi miqrantların ailə üzvlərinə yaşamaq icazəsi verilməməsi nəzərdə tutulur. Qanun qəbul edilərsə, hüquqi əsası olmayan bəzi miqrantların geri dönüşü başlaya bilər.
Statistik göstəricilərə görə, Rusiya ərazisində yaşayan azərbaycanlılar miqrantların ilk beşliyində deyil. Əsas təsir Mərkəzi Asiya ölkələrindən olan miqrantlara yönələcək. Buna görə Azərbaycan istiqamətində lokal və fragmentar hallarda geri dönüş müşahidə oluna bilər”.
Mənbə: Turkustan.Az