Polşaya PUA hücumu Avropanı silkələdi: Müharibə Ukrayna sərhədini keçir? – ŞƏRH
Rusiyanın Polşanın hava məkanını pilotsuz uçuş aparatları ilə pozması və bir sıra strateji nöqtələri hədəfə alması bölgədə gərginliyi kəskin şəkildə artırıb.
Polşa hakimiyyəti hücumu “ciddi təxribat” kimi qiymətləndirərək, NATO-nun təsis müqaviləsinin 4-cü maddəsinə əsasən təcili məsləhətləşmə tələb edib.
Hadisə Ukrayna müharibəsinin Avropa sərhədlərindən kənara çıxma ehtimalını ciddi şəkildə gündəmə gətirərkən, NATO rəhbərliyi Rusiyanın “ehtiyatsız və təxribat xarakterli” davranışını qınayıb və şərq cinahında müdafiə və çəkindirmə tədbirlərinin gücləndiriləcəyini bildirib.
Polşa isə cavab olaraq müdafiə gücünü artırmaq üçün hərəkətə keçib, yeni hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyi və strateji tərəfdaşlarla hərbi əməkdaşlığın genişləndiriləcəyi elan olunub.
Mütəxəssislər bu hücumun Ukrayna münaqişəsinin Avropa qitəsinə yayılma riskini artırdığını qeyd edir və yaxın günlərin gedişatının kontinental təhlükəsizlik arxitekturası üçün həlledici ola biləcəyini vurğulayırlar.
Müharibənin həqiqətən bütün Avropaya yayılma ehtimalı varmı? NATO Rusiyaya qarşı hansı addımları ata bilər?
Turkustan.az olaraq bu sualları siyasi şərhçi Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Rusiya ilə Polşa sərhədində PUA hücumu xəbəri təsdiqlənərsə, bu, müharibənin təkcə Ukrayna ilə məhdudlaşmadığını göstərir. Hadisə Avropa üçün yeni təhlükəsizlik mərhələsinin başlanğıcı ola bilər. Polşa NATO üzvü olduğuna görə məsələ sıradan insident kimi qalmayacaq.
Belə hücum kollektiv müdafiə mexanizmini gündəmə gətirir. NATO Nizamnaməsinin 5-ci maddəsi hücumun bir üzvə deyil, bütün alyansa qarşı olduğunu bəyan edir. Buna görə də cavab yalnız Polşanın deyil, bütün blokun reaksiyası olacaq. Ancaq alyansın birbaşa müharibəyə girməsi real görünmür.
NATO daha çox sərhədlərdə hərbi qüvvəni gücləndirməyə üstünlük verəcək. Polşada əlavə qoşun və hava hücumundan müdafiə sistemləri yerləşdirilə bilər. Eyni zamanda, Ukraynaya silah və maliyyə dəstəyi artırılacaq. Bu, Moskva üzərində əlavə təzyiq vasitəsi kimi işləyəcək.
Avropa dövlətləri də sanksiyaların sərtləşdirilməsinə gedə bilər. Lakin böyük dövlətlər nüvə qarşıdurması riskini nəzərə alaraq ehtiyatlı davranacaq. Hücumun geniş miqyasda təsdiqlənməsi Avropada təhlükəsizlik mühitini dəyişəcək. Artıq müharibə yalnız Ukraynanın taleyi ilə məhdudlaşmır. Bütün Avropanın sabitliyi və gələcək geosiyasi balansı məsələyə çevrilib.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az