SƏHİYYƏ

COVİD19 peyvəndi aqressiya yaradır? Post-covid dövründə psixoloji fəsadlar artıb ki, bu da…

“Əvvəl insanlarda bu qədər aqressiya yox idi. İndi kiminsə üzünə baxmağa da qorxursan ki, bu dəqiqə aqressiyasını üstünə tökəcək”.

Yaşlı bir kişi avtobusda özü yaşında bir qadına gileylənir.

“İnsanları bu qədər aqressiv edən koronavirusa qarşı vurulan peyvənddir” Bunu isə onların söhbətinə diqqətlə qulaq asan cavan oğlan deyir.

Beləcə müzakirə qızışır…

Pandemiya dövründə bütün dünyada geniş şəkildə tətbiq olunan COVID-19 əleyhinə peyvəndlərin müxtəlif təsirləri tez-tez müzakirə olunur. Və növbəti iddia bu peyvəndlərin insanlarda aqressivliyi artırması ilə bağlıdır.

Adil Qeybulla: Aqressiyanın COVİD-19 peyvəndi ilə əlaqələndirilməsi absurddur

Məsələylə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, aqressiya kimi halların COVİD-19 peyvəndi ilə əlaqələndirilməsi absurddur.

A.Qeybullanın sözlərinə görə, bunun heç bir elmi əsası yoxdur.

Həkim hesab edir ki, insanlar arasında olan aqressivlik həmişə social səbəblərlə bağlı olur.

Müsahibimiz izah edib ki, ayrı-ayrı ölkələrə səfər etdikdə insanların maddi durumu, həyat səviyyəsi, sosial müdafiəsindən asılı olaraq onun əhval-ruhiyyəsi də dəyişir.

“Düşünürəm ki, aqressiyanın səbəbini sosial səbəblərdə axtarmaq lazımdır”, – deyə Adil Qeybulla vurğulayıb.

Bəs, maraqlıdır, peyvəndin insan psixologiyasına və davranışlarına təsiri varmı?

Elnur Rüstəmov: Aqressivliyin artması daha çox sosial-iqtisadi faktorlarla bağlıdır

Bununla bağlı psixoloq Elnur Rüstəmov isə Bakıvaxtı.az-a bildirib ki, COVİD19 peyvəndlərinin insanlarda aqressiyanı artırdığına dair bu gün elmi sübut yoxdur. Onun sözlərinə görə, peyvəndlərin genişmiqyaslı təhlükəsizlik monitorinqində rast gəlinən yan təsirlər əsasən qısa­müddətli halsızlıq, qızdırma, baş-əzginlik kimi əlamətlərdir.

E.Rüstəmov qeyd edib ki, davranışın uzunmüddətli aqressivləşməsi ilə səbəb-nəticə əlaqəsi təsdiqlənməyib. Dediyinə görə, burada çox vaxt “eyni dövrdə baş vermə” effekti səbəbindən korrelyasiya ilə səbəbi səhv salmaq problemi yaranır.

Müsahibimiz bildirib ki, aqressiyanın artmasına son illərin bir neçə güclü amilinin üst-üstə düşməsi səbəb olub. Psixoloq izah edib ki, pandemiya sonrası stress yüklənməsi artıb. İtkilər, xəstəlik təcrübəsi, qeyri-müəyyənlik, uzunmüddətli sosial izolasiya və “təhlükə siqnalı”nın hələ də sönməməsi buna təsir göstərir:

“Eyni zamanda inflyasiya, iş və gəlir qeyri-sabitliyi ailədaxili münaqişələri və ictimai qıcıqlanmanı da bura daxil edə bilərik”.

Həmsöhbətimiz nəzərə çatdırıb ki, post-covid dövründə psixoloji fəsadlar, bəzi şəxslərdə yuxusuzluq, narahatlıq, əsəbləşmə həssaslığı artıb ki, bu da infeksiyanın bioloji-psixoloji təsirlərinə aiddir, peyvəndə yox.

O, həmçinin rəqəmsal mühit və informasiya yükünün də artdığını söyləyərək, əlavə edib ki, sosial şəbəkələrdə polarizasiya, nifrət dili, 24/7 xəbər axını əsəb sistemini daim “aylıq vəziyyətdə” saxlayır:

“Spirtli içki və stimulant istifadəsi, yuxu problemini də qeyd edə bilərik. Nəzərə alaq ki, bu gün insanlar daha çox video çəkib paylaşır. Beləliklə, “görünən” hallar çoxalır və bu da artım təəssüratı yaradır. Qeyd edim ki, uzunmüddətli stress orqanizmdə “allostatik yük” yaradır. Frustrasiya-aqressiya mexanizmi işə düşür, impuls-idarəetmə zəifləyir. Yuxu pozuntusu və maddə istifadəsi bu zəifliyi daha da dərinləşdirir”.

E.Rüstəmov fərdi səviyyədə yuxu gigiyenasının, müntəzəm fiziki aktivliyin, kofein və spirtin məhdudlaşdırılmasının, qısa tənəffüs texnikalarının (4-6 nəfəs), emosiyaların tənziminin vacibliyini vurğulayıb.

Psixoloq hesab edir ki, sosial-emosional öyrənmə proqramları, zorakılığın erkən skrininqi həyata keçirilməlidir. İş yerlərində stress idarəetməsi, psixoloji dəstək tətbiq olunmalıdır. Cəmiyyətdə nifrət dilinin azaldılması, fakt-yönümlü maarifləndirmə, aqressiyanın peyvəndlə əlaqələndirilməsi kimi əsassız iddiaların yayılmasının qarşısı alınmalıdır:

“Yenə də qeyd edirəm ki, peyvənd aqressiyanın səbəbi deyil. Əksinə, o, ağır xəstəlik riskini azaldaraq cəmiyyətin psixo-emosional sabitliyinə dolayı şəkildə töhfə verir. Aqressivliyin artması daha çox post-pandemiya stressi, sosial-iqtisadi faktorlar, informasiya mühiti və yuxu-maddə vərdişləri ilə bağlıdır”.

Rüstəmov bildirib ki, hədəfli psixoloji müdaxilələr və maarifləndirmə ilə bu tendensiyanı zəiflətmək mümkündür:

“Bir daha söyləyirəm ki, mövcud elmi sübutlarda COVİD peyvəndi ilə aqressiyanın artması arasında səbəb-nəticə əlaqəsi göstərilmir. İnsanlarda gərginliyin yüksəlməsi əsasən uzunmüddətli stress, yuxu pozuntuları və rəqəmsal mühitin təsiri ilə bağlıdır”.









Mənbə: Turkustan.Az