Kıbrıs Türk xalqının lideri çağdaş azadlıq mücadiləsinin rəmzidir
Türk dünyası tarixində azadlıq uğrunda milli iradənin və siyasi mücadilənin ən parlaq örnəklərindən biri Kuzey Kıbrıs Türk Cümhuriyyətidir.
Uzun müddət ərzində beynəlxalq təcrid, ikili standartlar və haqsız sanksiyalarla üzləşməsinə baxmayaraq Dr. Fazil Küçük və Rauf Denktaşın öndərliyi ilə başlayan mücadilə yolu göstərdi ki, Kıbrıs türklərinin kimliyi və milli dövlətçilik məfkurəsi sarsılmazdır. Daha sonra ölkə rəhbərliyində təmsil olunmuş Mehmet Ali Talat, Derviş Eroğlu, Mustafa Akıncı kimi liderlərin hər biri öz dövrünün çağırışları qarşısında Kıbrıs türklərinin milli varlıq uğrunda siyasi-diplomatik mübarizəni uğurla davam etdirdi.
Bu tarixi iradənin davamı olaraq bu gün cənab Ersin Tatar cəsarətli mövqeyi, dönməzliyi və qətiyyətli siyasəti ilə Kıbrıs türklərinin haqq mübarizəsini yeni mərhələyə daşımaqdadır. Cənab Tatar sadəcə Kuzey Kıbrısı beynəlxalq arenada təmsil etmir, həm də Kıbrıs türklərinin mövqeyini ictimai-siyasi və mədəni-mənəvi müstəvidə durmadan gücləndirir. Ersin Tatarın rəhbərliyi dövründə Kuzey Kıbrıs Türk Cumhuriyyəti ada türklərinin dövləti olmaqla yanaşı həm də bütün türk dünyasının ortaq davasının simvoluna çevrilib.
Bu mübarizədə Azərbaycan da hər zaman Kıbrıs türklərinin yanında olduğunu btün dünyaya bəyan edib. Prezident İlham Əliyevin açıq şəkildə Kuzey Kıbrıslı qardaşlarımızın haqlarını müdafiə etməsi, beynəlxalq tribunalardan KKTC-nin tanınmasını tələb etməsi Kıbrıs türklərinə böyük güvən aşılayan qardaşlıq dəstəyidir.
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında cənab Ersin Tatarın iştirakı və KKTC bayrağının qardaş türk dövləri ilə bir sırada dalğalanması bu qardaşlığın, birlik və həmrəyliyin parlaq təntənəsi idi. Bu hadisə Kıbrıs türklərinin tək olmadığını, Böyük Türk ailəsinin önəmli bir parçası olduğunu dünyaya göstərdi.
Bu gün KKTC Cumhurbaşkanımız cənab Ersin Tatarın 65 yaşı tamam olur.
Bütövlükdə Vətənin azadlığına və tərəqqisinə həsr edilmiş bir ömrün 65 illik zirvəsində Ersin Tatar Kıbrıs türklərinin onillərə söykənən mücadiləsinin simvolu olaraq Türk dünyasını vahid bir siyasi iradə ətrafında birləşdirən Liderdir. Kuzey Kıbrısın keçmiş mübarizəsi, bu günkü dirənişi və gələcəyə inamı Ersin Tatarın simasında özünün ən güclü dönəmini yaşamaqdadır.
Əminəm ki, cənab Ersin Tatarın iradəsi, qardaş Türkiyənin və Azərbaycanın birgə dəstəyi ilə Kıbrıslı qardaşlarımızın haqq səsi bütün dünya niqyaslnda getdikcə daha gur eşidiləcək.
Qardaş Kıbrıs türk xalqına azadlıq və müstəqillik mücadiləsində ən parlaq qələbələr arzulayıram. Cənab Ersin Tatara isə bu möhtəşəm qələbənin qazanılması uğrunda apardığı mücadilədə və Kıbrıs Türk Cümhuriyyətinin tərəqqisi naminə yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzulayıram!
Kıbrıs Türk xalqına sevgi və saygılarla,
Azərbaycan-ŞKTC Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Mənbə: Turkustan.Az