Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb.
Turkustan.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat və sənədlər yayıb.
O bildirib ki, keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82,3 milyon avro olub:
“Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub.
Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub”.
Qeyd edək ki, Heydər Babayevin Azərbaycanda yüksək vəzifəyə təyin olunana qədər də Avropada biznesi vardı. Belə ki, o, 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə iqtisadi inkişaf naziri olub. /axar.az/
Mənbə: Turkustan.Az