Sülh üçün son çağırış: Trampın mesajı Moskvanı ya masaya, ya da küncə sıxışdıracaq! – ŞƏRH
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə sülh sazişi ilə bağlı verdiyi vaxt başa çatıb. Tramp Putindən konkret qərar gözlədiyini bildirib və bu qərarın gecikməsi fonunda ABŞ-ın atacağı növbəti addımlar maraqla gözlənilir.
Mümkün ssenarilər arasında Ukraynaya hərbi yardımın genişləndirilməsi, Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqi və ya diplomatik təzyiqlərin artırılması yer alır.
Bu arada, Rusiya prezidenti Vladimir Putin də diqqətçəkən açıqlama verib. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bəyan edib. Bu təklif Qərb dairələrində müxtəlif reaksiyalara səbəb olub və müharibənin gələcək mərhələsi ilə bağlı yeni suallar yaradıb.
Maraqlıdır görəsən, bundan sonra Rusiya-ABŞ münasibətlərində hansı dəyişikliklər baş verə bilər və Tramp hansı addımları ata bilər? Turkustan.azolaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Trampın Putinə sülh sazişi üçün verdiyi vaxtın başa çatması əslində ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Burada əsas məsələ ondadır ki, Tramp Moskva ilə danışıqlara siyasi şou prizmasından baxmır, konkret nəticə tələb edir. ABŞ indi Putinin tərəddüdünü zəiflik kimi oxuyur və Vaşinqtonun diplomatik jestlərinin sonsuz olmayacağını göstərir.
Bu nöqtədən sonra Rusiya-ABŞ münasibətləri daha sərt konturlara keçə bilər. Əgər Putin sülh sazişinə dair real iradə ortaya qoymasa, Tramp administrasiyası həm iqtisadi, həm də hərbi-siyasi təzyiq mexanizmlərini işə sala bilər. Burada söhbət yeni sanksiyalar paketindən, NATO-nun Şərq cinahında hərbi mövcudluğun artırılmasından və Rusiyanın beynəlxalq arenada daha da sıxışdırılmasından gedir.
Trampın ənənəvi siyasətçilərdən fərqi ondadır ki, o, zamana oynamağı sevmir. Onun siyasi davranışı biznes yanaşmasına bənzəyir: razılaşma ya var, ya da yoxdur. Bu baxımdan Putinə verilmiş vaxtın başa çatması artıq ciddi xəbərdarlıqdır.
Ehtimal etmək olar ki, Trampın növbəti addımı Moskvanı sərt seçim qarşısında qoymaq olacaq: ya danışıqlarda real kompromis, ya da Vaşinqtonun koordinasiyalı təzyiq strategiyası. Əslində Kreml üçün indi seçim çox daralıb, çünki Rusiya həm iqtisadi böhranla, həm də beynəlxalq təcridlə üz-üzədir.
Bundan sonra ABŞ-Rusiya münasibətlərində kompromisdən çox qarşıdurma elementlərinin artacağı gözləniləndir. Trampın tələblərinə məhəl qoyulmaması isə Moskvanı daha da zəif mövqeyə gətirəcək və Vaşinqtona manevr imkanlarını genişləndirəcək.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az