GÜNDƏM

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri qurula bilər – AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh mətni hər iki tərəfdən Xarici İşlər nazirlərinin ilə paraflanıb. Sözsüz ki, bu yekun sülh sazişi demək deyil. Amma ilkin mətn paraflanıbsa, bunun üzərində yenidən hansısa dəyişikliklərin olması mümkün deyil. Təbii ki, müəyyən müddətdən sonra yekun sülh sazişinin imzalanması gözlənilir.

Bu sözləri Teleqraf-a istiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov deyib.

“Artıq ATƏT-in Minsk Qrupu tarixə qovuşub. Minsk Qrupunun əsas üzvlərindən olan Rusiya tərəfi də təşkilatın buraxılmasının labüd olduğunu açıqlayıb. Bunun fonunda Azərbaycanla Ermənistan arasında yekun sülh üçün elə bir ciddi problem qalmayıb”, – deyə o qeyd edib.

İstiqlalçı deputat hesab edir ki, tərəflər arasında ən yüksək səviyyədə keçirilən görüşlər münasibətlərin normallaşmasına başlıca zəmin yaradır: “Azərbaycanın hazırkı mərhələdə əsas tələbi Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında əldə edilən razılaşma bu xüsusda mühüm önəm kəsb edir. Zəngəzur dəhlizi ilə bağlı razılaşdırılmış prinsiplər var. Dəhlizinin (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu -TRIPP) açılması Azərbaycan üçn mühüm əhəmiyyət kəsb edir”.

Vahid Əhmədova görə, Azərbvaycanla Ermənistan arasında fundamental sülhün əldə edilməsi qısa zamanda cəmiyyətlərin də barışması demək deyil: “Uzun on illiklər bir-birinə qarşı əks mövqedə olan toplumların barışığı üçün bəlli zamana ehtiyac var. Hazırda Nikol Paşinyan və onun komandası vəziyyəti düzgün analiz etməyə çalışır. O, başa düşməyə çalışır ki, sülh olmasa, Azərbaycanla, Türkiyə ilə münasibətlər qurulmasa, qondarma soyqırım, ərazi iddiaları kimi məsələlərdən birdəfəlik imtina edilməsə, Ermənistanın gələcəyi sual altına düşə bilər.

Ona görə də qarşı tərəf öz məsuliyyətini dərk etsə, bölgədə mühüm əməkdaşlıq plaforması yaranar. Bundan sonra dövlətlər arasında müharibə deyil, iqtisadi əlaqələrin yaradılması, genişləndirilməsi əsas hədəf olmalıdır. Bakı ilə İrəvan arasında müəyyən ticarət əlaqələrinin qurulması da mümkündür. Əlbəttə, keçmiş yaraların sağalması üçün müəyyən vaxta ehtiyac olacaq”.









Mənbə: Turkustan.Az