MƏDƏNİYYƏT

Şöbə müdiri: Laçında keçirilən Gənclər Düşərgəsində yeni layihələr üçün zəmin yaradılacaq

Belə tədbirlərin keçirilməsində əsas məqsəd Laçının mədəniyyətini və tarixini daha geniş auditoriyaya çatdırmaq, gəncləri və incəsənət sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirməkdir.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri MDB ölkələrinin Gənclər Düşərgəsində jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev deyib.

O qeyd edib ki, düşərgə çərçivəsində Azərbaycan gənclərinin nailiyyətləri barədə fikir mübadiləsi aparılacaq və gələcək layihələrin, yeni təşkilatların təşəkkülünə zəmin yaradılacaq.

Şöbə müdiri düşərgədə ümumilikdə 21 xarici ölkədən nümayəndələrin iştirak etdiyini diqqətə çatdırıb.

“Bu günlər ərzində gənclərin Laçınla tanışlığı, şəhərin mədəniyyətini yaxından öyrənməsi, müxtəlif ustad dərslərində iştirakı planlaşdırılır”.

F.Cumayev Azərbaycanın hazırda kreativ sənayelər sahəsində ciddi addımlar atdığını vurğulayıb.

“Bu tədbirin əsas mövzusu da məhz kreativ sənayelərin inkişafı və bu sahədə gənclərin daha fəal iştirakı ilə bağlıdır. Təşəbbüsün həyata keçirilməsində məqsəd, dünyanın bütün istiqamətlərində olduğu kimi, Azərbaycanda da innovasiyaların düzgün istiqamətə yönləndirilməsidir”.

Mənbə: Report.Az